Mədəniyyət

Rusiya və türkdilli ölkələrin tibbi turizmini birləşdirən alyans yaradılıb

Rusiya paytaxtı Moskvada MDB-nin ən böyük müalicə-sağlamlıq turizmi forumu olan “Med Tourism-2022” keçirilib. Dörd gün davam edən tədbirdə iştirakçı ölkələrin tibbi turizm fəaliyyəti ilə məşğul olan əsas qurumları iştirak ediblər.

Gundemws.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmiz forumda Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü Ruslan Quliyev tərəfindən təmsil olunub. Tədbirin ilk günü Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sağlamlıq turizmi assosiasiyalarını birləşdirən alyansın yaranması elan edilib. Yeni yaradılan qurum üzv ölkələrin tibbi turizmin aparıcı peşəkar assosiasiyaları arasında əməkdaşlığı koordinasiya edəcək. Sonrakı günlərdə forum panel müzakirələri ilə davam etdirilib.

“Rusiya və Yaxın Şərq” adlı paneldə çıxış edən təmsilçimiz Ruslan Quliyev bildirib ki, bu gün belə tədbirlərin keçirilməsi çox vacibdir. Çünki turizm o qədər həssas sahədir ki, dünyada baş verən kataklizmlər, təbiət hadisələri, pandemiya riskləri, iqtisadi və siyasi böhranlar, müharibələr həm qlobal, həm də regional miqyasda ona dərhal təsir edir: “2020-ci ilin əvvəlindən bütün dünyanı qorxu altında saxlayan COVİD-19 pandemiyası qısa müddətdə qlobal turizm iqtisadiyyatını iflic vəziyyətinə salıb. Qitələrarası logistika və rabitə sahəsində qlobal məhdudiyyətlər turizm sektorunda trilyonlarla vəsaitin itirilməsinə və 100 milyon iş yerinin bağlanmasına səbəb olub. Nəzərə alsaq ki, qlobal turizm sənayesində çalışanların 75 faizi 25 yaşa qədər gənclər və bir o qədər də qadınlardır, onda bu problemin nə qədər ciddi olduğunu başa düşə bilərik”.

Ruslan Quliyev həmçinin Azərbaycanın öz tibbi turizmini necə inkişaf etdirməsi ilə bağlı məlumat verərək qeyd edib ki, 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Təbii müalicə sərvətləri, müalicə yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər dövlət proqramları bu sahəni inkişaf etdirmək istiqamətində ölkəmizin sağlamlıq turizminə xüsusi diqqət yetirdiyini göstərir. Diqqətə çatdırıb ki, Azərbaycanın tibbi turizm sahəsində olduqca böyük potensialı mövcuddur: “Min bir dərdin dərmanı olan Naftalan nefti, Qalaaltı sanatoriyası, Naxçıvanda Duzdağ, Masallıda istisu mənbələri hələ sovet dövründən indiki MDB ölkələrində tanınıb və sevilib. 2020-ci ilin Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın turizmin digər istiqamətləri ilə yanaşı tibbi turizm imkanlarını bir qədər də genişləndirib. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da zəngin turizm ehtiyatları hazırda öyrənilir, bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir”, – deyə R.Quliyev bildirib.

Qeyd edək ki, “Med Tourism-2022” forumu çərçivəsində iştirakçı ölkələrin tibbi turizm qurumları arasında əməkdaşlıq memorandumları da imzalanıb. Bu əməkdaşlıq həm assosiasiyalar, həm də tibb müəssisələrini əhatə edib.

Oxşar Xəbərlər

Back to top button