AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət
Trend

Rəşadət Xalıqov: Prezident İlham Əliyevin Anım Gününün təsis edilməsi barədə qərarı siyasi və mənəvi yaddaş baxımından xüsusi əhəmiyyət daşıyır

“2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin və xalqının qarşısında dayanan ən mühüm məsələlərdən birinin həlli istiqamətində həlledici mərhələ yaratdı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın hərbi-siyasi reallığı dəyişdi və illərlə həllini gözləyən münaqişə yeni mərhələyə keçdi. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 Sentyabrın Anım Günü elan edilməsi isə bu tarixin mahiyyətini daha da aydın ifadə etdi: Zəfərin təməlində şəhidlərin qanı və Azərbaycan əsgərinin fədakarlığı dayanır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 27 Sentyabr həm də uzun illər ərzində aparılmış dövlət siyasətinin, ordu quruculuğunun və cəmiyyətdə formalaşmış milli həmrəyliyin ciddi sınağa çəkildiyi gün idi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həmin gün verdiyi qərarlar və xalqa müraciəti dövlətin mövqeyinin aydın ifadəsi oldu. Dövlət başçımız hadisələrin ilk saatlarından həm hərbi, həm diplomatik, həm də informasiya müstəvisində fəal mövqe nümayiş etdirdi. Müharibənin gedişinə nəzər saldıqda bir məqam xüsusi diqqət çəkir. Azərbaycan Ordusunun irəliləyişi mərhələli şəkildə strateji nəticəyə çevrildi. Prezident İlham Əliyevin sonrakı çıxışlarında da 27 sentyabrdan 8 noyabra qədər davam edən bu yürüş Azərbaycanın hərbi tarixində mühüm hadisə kimi xarakterizə edilib:

“Hər bir azad olunan kəndin, hər bir yüksəklik və şəhərin arxasında bir insan taleyi dayanır. Biz bu gün xəritədə dəyişən sərhədləri görürük, bayrağımızın dalğalandığı şəhərləri görürük, yenidən qurulan Qarabağı görürük. Lakin bütün bunların arxasında evinə qayıtmayan oğulların, övladını gözləyən anaların, atasının yolunu gözləyən uşaqların ağrısı var. Anım Gününü müqəddəs edən də məhz bu həqiqətdir”.

O əlavə edib ki, Azərbaycan xalqının yaddaşında şəhid anlayışı heç vaxt müharibə statistikası olmayıb. Şəhid Vətənin bütövlüyü naminə həyatını fəda edən və adı bütöv bir xalqın yaddaşına yazılan insandır. Buna görə 27 Sentyabrın əsas mesajı “bu Qələbə bizə nəyi xatırladır?” sualındadır. Bu baxımdan Prezident İlham Əliyevin Anım Gününün təsis edilməsi barədə qərarı siyasi və mənəvi yaddaş baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Sərəncamında torpaqların şəhidlərin, əsgər və zabitlərin, qazilərin qanı və canı bahasına azad edildiyi xüsusi vurğulanır.

Onun sözlərinə görə, bu gün Qarabağda salınan yeni yollar, qurulan şəhərlər, yenidən tikilən kəndlər və doğma yurdlarına qayıdan insanlar Zəfərin başqa bir mənzərəsini yaradır. Əgər 2020-ci ildə əsas məsələ torpaqların azad edilməsi idisə, bu gün həmin torpaqlarda həyatın yenidən qurulması, insanların təhlükəsiz və layiqli şəkildə yaşamasının təmin edilməsi ön plana çıxır. Ona görə 27 Sentyabr tarixi həm də gələcəyə baxışdır. Şəhidlərin bizə əmanət etdiyi Vətənin necə qorunacağı, necə inkişaf etdiriləcəyi və onların adlarının gələcək nəsillərin yaddaşında necə yaşadılacağı ilə bağlı məsuliyyətdir. Bu gün Azərbaycan bayrağının Qarabağın şəhər və kəndlərində dalğalanması böyük tarixi nəticədir. Amma o bayrağın hər dalğalanışında şəhidlərin ruhuna ehtiram da var. Biz Zəfəri qeyd edərkən şəhidlərin adını unutmadığımız kimi, Anım Günündə də Zəfərin mənasını unutmamalıyıq. Unutmamalıyıq ki, Azərbaycanın Zəfər tarixinin ilk səhifəsində şəhidlərin adı yazılıb. Bu səbəbdən Anım Günü həm hüznümüz, həm qürurumuz, həm də milli yaddaşımızdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Oxşar Xəbərlər

Back to top button