
XXI əsrin informasiya çağında ənənəvi mətbuat rəqəmsal transformasiyaya uğrayaraq yeni bir mərhələyə qədəm qoyub. İnternet qəzetçilik artıq xəbər istehsalının və yayımının əsas formalarından birinə çevrilib. Azərbaycanda da bu sahədə mühüm irəliləyişlər müşahidə olunur. Onlayn media vasitələri operativliyi, interaktivliyi və geniş auditoriyaya çatmaq imkanları ilə ənənəvi mətbuatı geridə qoymağa başlayıb.
Bir vaxtlar qəzetin səhifələrini səhər-səhər gözləyən oxucular, bu gün xəbərləri mobil telefonlarında bir toxunuşla oxuyurlar. Bu dəyişiklik həm jurnalistlərin yazı üslubuna, həm də xəbərin təqdimat formatına ciddi təsir göstərib. Qısa, cəlbedici başlıqlar, multimedia dəstəyi, sosial şəbəkə inteqrasiyası internet qəzetçiliyin əsas xüsusiyyətlərinə çevrilib. İctimai rəyin formalaşmasında isə sosial media ilə inteqrasiya olunmuş onlayn platformalar aparıcı rola yüksəlib.
Azərbaycan mətbuatı da bu tendensiyalara cavab olaraq özünü çevik şəkildə yeniləyib. Bir çox ənənəvi qəzetlər rəqəmsal versiyalar yaradaraq internetə keçid ediblər. Eyni zamanda, yalnız onlayn fəaliyyət göstərən yeni xəbər portalları yaranıb və sürətlə populyarlaşır. Bu proses jurnalistika sahəsində rəqabəti gücləndirib, keyfiyyətli və operativ informasiya istehsalını zəruri hala gətirib.
İnternet qəzetçiliyin inkişafı informasiya azadlığına yeni imkanlar açmaqla yanaşı, media savadlılığının artırılmasını da zəruri edir. Fəal və tənqidi oxucu kütləsi formalaşdıqca, media qurumlarının məsuliyyəti daha da artır. Bu sahənin gələcəyi həm texnoloji irəliləyişlərə, həm də etik jurnalistikanın qorunmasına bağlıdır.
Ləman Məmmədova
YAP Xəzər rayon təşkilatının fəalı