
Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan əməkdaşlıq modeli son illərdə yalnız dostluq çərçivəsində qalmayıb, həm də geosiyasi təsir gücünə çevrilib. Üç ölkə arasında artan əlaqələr, ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hər il keçirilən görüşlər, imzalanan müqavilələr və ortaq layihələr bu birliyin yalnız sözlə deyil, əməllə də sübuta yetirildiyini göstərir.
Hərbi sahədə qurulan əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. “Üç Qardaş” birgə təlimləri ilə orduların koordinasiyası artırılır, regional təhlükəsizlik məsələlərinə birgə cavabvermə qabiliyyəti inkişaf etdirilir. Bu cür fəaliyyətlər, yalnız hərbi güc nümayişi deyil, həm də qarşılıqlı dəstəyin və inamın təzahürüdür. Hər üç ölkə suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri çərçivəsində bir-birinə arxa durur.
İqtisadi sahədə də önəmli addımlar atılmaqdadır. Ticarət dövriyyəsinin artırılması, gömrük və nəqliyyat sahələrində sadələşdirilmiş rejimlərin tətbiqi, enerji və texnologiya layihələrində birgə iştirak tərəflərin uzunmüddətli planlarının bir hissəsidir. Pakistan və Türkiyə şirkətləri Azərbaycanda infrastruktur və sənaye layihələrində getdikcə daha fəal iştirak edirlər.
Mədəni əlaqələrin inkişafı isə xalqları daha da yaxınlaşdırır. Birgə mədəniyyət günləri, tələbə mübadilələri, ortaq media layihələri və ziyalıların əməkdaşlığı bu qardaşlığın dərin köklərini gücləndirir. Üç dövlətin birliyi artıq yalnız regional deyil, qlobal siyasətdə də nüfuzlu və dayanıqlı bir qüvvəyə çevrilməkdədir.
Ağadadaş Həsənalıyev,
YAP Xəzər rayon təşkilatının fəalı