AnalitikaGündəmSiyasət

Qlobal çağırışlar fonunda Bakıdan yüksələn dialoq səsi

Müasir dövr mürəkkəb siyasi proseslər, geosiyasi gərginliklər, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və regional münaqişələrlə xarakterizə olunur. Belə bir dövrdə dövlətlər və beynəlxalq təşkilatlar arasında açıq dialoq platformalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu baxımdan Qlobal Bakı Forumu dünya miqyasında mühüm fikir mübadiləsi və əməkdaşlıq platformalarından biri kimi çıxış edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum artıq uzun illərdir ki, dünyanın müxtəlif ölkələrindən sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarını, nüfuzlu siyasətçiləri, beynəlxalq təşkilatların rəhbərlərini və ekspertləri bir araya gətirir. Bu platforma yalnız müzakirə meydanı deyil, eyni zamanda qlobal problemlərin həlli üçün yeni ideyaların və təşəbbüslərin formalaşdığı mühüm beynəlxalq dialoq məkanıdır.
Bu gün Bakı təkcə regionun deyil, bütövlükdə Avrasiyanın ən mühüm siyasi və diplomatik mərkəzlərindən birinə çevrilib. İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Qlobal Bakı Forumunun paytaxtımızda keçirilməsi də ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir.
XIII Qlobal Bakı Forumu müxtəlif qitələri və fərqli siyasi baxışları təmsil edən liderlərin ortaq masa arxasında əyləşərək qlobal çağırışları müzakirə etdiyi nadir platformalardan biridir. Bu forum bir daha göstərir ki, müasir dünyada qarşılıqlı anlaşma və əməkdaşlıq yalnız dialoq vasitəsilə mümkündür. Bakı isə məhz belə bir dialoqun baş verdiyi mühüm körpü rolunu oynayır.
Forum çərçivəsində səsləndirilən fikirlər və irəli sürülən təşəbbüslər təkcə regional deyil, qlobal səviyyədə də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Qlobal Bakı Forumu beynəlxalq münasibətlər sistemində yeni yanaşmaların formalaşmasına töhfə verən intellektual platforma kimi öz əhəmiyyətini daha da artırır.
Bugünkü mürəkkəb geosiyasi reallıqlar fonunda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən belə beynəlxalq platformalar ölkəmizin sülhə, əməkdaşlığa və dialoqa verdiyi töhfənin bariz nümunəsidir. Qlobal Bakı Forumu bir daha sübut edir ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da sabitlik və əməkdaşlıq naminə mühüm təşəbbüslərlə çıxış edən məsuliyyətli dövlətdir.
Bakıdan yüksələn bu dialoq çağırışı isə dünyanın gələcəyinə yönəlmiş mühüm mesajdır: müasir dünyanın problemləri yalnız birlikdə müzakirə və qarşılıqlı anlaşma yolu ilə həll oluna bilər

Səbinə Həsənova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button