Qələbəyə gedən yolda azərbaycanlıların fəaliyyətlərini, uğurlarını sadalamaqla bitməz
Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar.
1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan övladlarının töhfəsi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci, 223-cü, 271–ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Qələbəyə gedən yolda azərbaycanlıların fəaliyyətlərini, uğurlarını sadalamaqla bitməz. Faşizm üzərində bu tarixi Qələbədə Azərbaycanın töhfələri əvəzsiz olmuşdur.
Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.
Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Əsgərlərimiz, zabitlərimiz, eləcə də könüllü olaraq cəbhəyə yollanan igidlərimiz böyük qəhrəmanlıqlar göstərərək xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırdılar və dövlətçilik tariximizə 8 noyabr – Zəfər gününü bəxş etdilər. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı