
Hər bir regionun gələcəyini müəyyən edən əsas amillərdən biri təhsildir. Qarabağın yenidən qurulması prosesində məktəblərin və digər təhsil müəssisələrinin yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki yeni şəhərlərin və kəndlərin gələcək sakinləri məhz həmin məktəblərdə yetişəcək. Bu gün tikilən məktəb binası əslində uzun illər sonranın insan kapitalına qoyulan sərmayədir.
Qayıdan ailələr üçün məktəb sadəcə təhsil müəssisəsi deyil. Məktəb uşaqların sosiallaşdığı, dostluq əlaqələri qurduğu və doğma şəhərlə bağlılığını möhkəmləndirdiyi əsas məkanlardan biridir. Buna görə Böyük Qayıdışın davamlı olması üçün təhsil infrastrukturunun yaradılması vacibdir. Müasir məktəblər yeni yaşayış məntəqələrinin ayrılmaz hissəsinə çevrilməlidir.
Qarabağda yeni məktəblərin yaradılması həm də müasir təhsil standartlarının tətbiqi üçün imkan yaradır. Texnologiya ilə təchiz olunmuş siniflər, laboratoriyalar, kitabxanalar və idman infrastrukturu şagirdlərin hərtərəfli inkişafına xidmət edə bilər. Bu, yeni qurulan şəhərlərin yalnız fiziki deyil, intellektual mühitinin də formalaşmasına imkan verir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcəyi bu şəhərlərdə böyüyəcək uşaqların həyatından ayrı düşünülə bilməz. Onlar Qarabağın yeni tarixinin ilk nəsillərindən biri olacaq. Qarabağda bu gün tikilən məktəblər sabah Azərbaycanın tarixini, dövlətçiliyini və gələcəyini yaşadacaq nəsillərin yetişdiyi ocaqlara çevriləcək.
Əhməd Talıbov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 152” ərazi partiya təşkilatının sədri



