AnalitikaElm və TəhsilGündəm

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın gələcəyi məhz elm, bilik və intellekt üzərində qurulur

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın gələcəyi məhz elm, bilik və intellekt üzərində qurulur

Azərbaycan elminin keçdiyi yol təkcə bir sahənin inkişaf tarixi deyil, eyni zamanda xalqımızın intellektual və mənəvi potensialının təcəssümüdür. Prezident İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində söylədiyi çıxış bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının nitqi həm ölkənin elmi inkişaf strategiyasının aydın istiqamətlərini müəyyənləşdirdi, həm də elmin gələcək rolu ilə bağlı yeni baxış bucağı ortaya qoydu.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, son illərdə ölkəmizdə həyata keçirilən islahatlar elmin idarəetmə mexanizmlərini, tədqiqat mühitini və beynəlxalq əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Müasir dünyada bilik və texnologiyaya əsaslanan inkişaf modelinə keçid elmi fəaliyyətin cəmiyyətin bütün sahələrinə nüfuz etməsini tələb edir. Bu səbəbdən elmin müasir çağırışlara çevik cavab verə bilməsi dövlət siyasətinin mühüm hədəflərindən biridir.

Azərbaycan elmi bu gün milli maraqlara xidmət edən, innovasiya yönümlü və rəqabətqabiliyyətli sistemə çevrilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, elmin prioritet istiqamətləri — süni intellekt, rəqəmsal texnologiyalar, alternativ enerji mənbələri, biomüxtəlifliyin qorunması və ekoloji tədqiqatlar — gələcəyin inkişaf xəritəsini müəyyənləşdirir. Bu sahələr üzrə aparılan elmi işlər təkcə akademik nəticə vermir, həm də iqtisadi və sosial rifahın möhkəmlənməsinə birbaşa təsir göstərir.
AMEA-nın 80 illik yubileyi həm də bir hesabat mərhələsi kimi dəyərləndirilə bilər. Bu illər ərzində Akademiya Azərbaycan elminin əsas dayağına çevrilmiş, yüzlərlə alim yetişdirmiş, elm tariximizdə dərin iz buraxan fundamental tədqiqatlara imza atmışdır. Prezident İlham Əliyev çıxışında bu irsin qorunmasının və gənc nəslə ötürülməsinin strateji əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısının fikrincə, elmin gələcəyi məhz gənclərin elmi fəaliyyətə cəlb olunmasından, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsindən keçir.

Müasir dövrdə Azərbaycanın elmi inkişafı həm də onun beynəlxalq mövqelərinin güclənməsi ilə sıx bağlıdır. Elm və diplomatiya artıq bir-birini tamamlayan anlayışlara çevrilib. Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakı, qlobal elmi şəbəkələrdə təmsil olunması ölkəmizin intellektual nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Azərbaycan elmi qlobal elmin ayrılmaz tərkib hissəsinə çevrilməlidir” fikri bu istiqamətdə strateji məqsəd kimi səsləndi.

Elmin inkişafı həm də milli kimliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan alimləri tariximizin, dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın tədqiqi və təbliği sahəsində mühüm işlər görmüşlər. Prezident İlham Əliyev çıxışında bu istiqamətin davam etdirilməsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, milli-mənəvi dəyərlərə əsaslanan elmi fəaliyyət həm xalqın özünüdərkinin, həm də dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edir.

AMEA-nın 80 illik yubileyi münasibətilə səslənən bu fikirlər Azərbaycanın elmi siyasətində yeni mərhələnin başlandığını göstərir. Elm artıq təkcə tədqiqat sahəsi deyil, həm də milli gücün, dövlət dayanıqlığının və iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsidir. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın gələcəyi məhz elm, bilik və intellekt üzərində qurulur.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button