
Fevralın 15-də Serbiyanın Dövlətçilik Günündə Belqrada xüsusi qonaq qismində Cənab İlham Əliyev səfər etdi. Rəsmi səfər üçün belə bir əlamətdar tarixin seçilməsi sadəcə formal jest deyil, açıq bir siqnal idi. Ölkəmiz Serbiyanın milli yaddaş məkanını birgə bölüşməyə hazır olduğu tərəfdaşlar dairəsinə daxil edildi.
Serbiya Prezidenti Aleksandar Vuçiç də iclasda bu məsələyə toxunaraq qeyd etdi ki, bu tarixi ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik. bu isə Azərbaycan Prezidentinə və dövlətinə olan xüsusi hörmətin, yüksək etimadın və səmimi dostluğun bariz ifadəsidir. Bütün bunlar Azərbaycanın Serbiya üçün nə qədər etibarlı və önəmli tərəfdaş olduğunu təsdiqləyir. Bu yanaşma, eyni zamanda, Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı böyük siyasi nüfuzun və şəxsi etimadın təzahürüdür. Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının məhz belə bir gündə Belqrad şəhərində keçirilməsi Azərbaycan–Serbiya münasibətlərinin gələcək inkişaf vektorunu müəyyən edən mühüm siyasi mesajdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinə göstərilən bu yüksək ehtiram təkcə protokol xarakteri daşımır. Bu, Azərbaycanın müstəqil siyasətinə, beynəlxalq hüquqa söykənən mövqeyinə, regional və qlobal proseslərdə konstruktiv roluna verilən obyektiv qiymətdir. Məhz bu səbəbdən cənab Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında iştirakı Azərbaycan–Serbiya əlaqələrinin tarixində dərin siyasi və rəmzi məna daşıyan mühüm hadisə kimi yadda qalacaq”.
Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının qərarının imzalanması ikitərəfli əlaqələri tamamilə yeni səviyyəyə qaldırdı ki, bu da Azərbaycanın Serbiyanın xarici siyasət arxitekturasında xüsusi çəkisinin birbaşa sübutudur. İki ölkə arasında uzun müddət davam edən dialoq ərazi bütövlüyü və suverenlik məsələləri üzrə qarşılıqlı dəstəyə əsaslanır. Həm Bakı, həm də Belqrad kəskin böhranlar və xarici təzyiqlərlə üzləşərək bu cür həmrəyliyin dəyərini dərindən hiss edirlər. Buna görə də onların yaxınlaşması sadəcə deklarativ deyil, həm də praqmatikdir. Strateji Tərəfdaşlıq Şurası birdəfəlik təşəbbüs deyil, müəyyən yol xəritələri və müvafiq qurumların şəxsi məsuliyyəti ilə uzunmüddətli əlaqələndirmə vasitəsidir
Şəxsi diplomatiya” da mühüm rol oynayır. Prezidentlərin çıxışlarında insan faktoru açıq şəkildə vurğulandı: Aleksandr Vuçiç gələcəyin “ortaq vizyonunu” vurğuladı, İlham Əliyev isə həmkarını açıq şəkildə “əziz dost” adlandırdı. Böyük siyasət dünyasında bu cür açıqlamalar nadir hallarda təsadüfi olur. Liderlər arasında şəxsi etimad çox vaxt bürokratik dəhlizlərdə illərlə ləngiyə biləcək layihələr üçün katalizatora çevrilir.
Bu gün Azərbaycan-Serbiya münasibətləri sadəcə dostluqdan, diplomatiyadan kənara çıxaraq regional tərəfdaşlıq üçün sabit bir çərçivəyə çevrilib. Dövlətçilik Günündəki səfər bir daha təsdiqlədi ki, Bakı Belqradı Balkan regionunda strateji nümayəndəsi, Serbiya isə Azərbaycanı Avrasiya bölgəsində etibarlı dayağı kimi görür”.
Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var.
Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.
Qasımov Ayməddin,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi



