Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxışına ən müxtəlif prizmadan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq mümkündür
2003-cü ilin 15 oktyabrından 2023-cü ilin 15 oktyabrına gedən yolun hər anına, hazırda xalqımızın bu mərhələni qiymətləndirdiyi alilik mərtəbəsinə özünün, belə demək mümkünsə, daha şəffaf boyaları ilə rəng qatmasına ehtiyac var. Bəli, ötən 20 il Azərbaycana özü olmaq şansını qazandırdı. 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi şəhəri bu qazancın ən təsirli səhnəsinə şahidlik etdi. Xankəndi, Ağdərə, Əsgəran, qan yaddaşımız Xocalı, Xocavənd, ümumən, Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. 2003-cü il oktyabrın 15-də Heydər Əliyevin Qarabağ ideyalarının gerçəkləşməsinə yeni start verildi. İyirmi illik yol başlandı. İlham Əliyevin Qarabağ yolu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür!” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək”. Bəli, Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunub. Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iqtisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbirlərin bir hədəfi var idi – Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirincə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”. Xalqın İlham Əliyev şəxsiyyətinə inamının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik. Ümumən, 44 günlük müharibə dövrü və ondan sonrakı mərhələ Prezident İlham Əliyevi xalqa tam fərqli obrazda təqdim etdi. Həmin müddətdə dövlətimizin başçısı Ali Baş Komandan, mahir sərkərdə keyfiyyətləri ilə seçilməklə yanaşı, həm də hər bir azərbaycanlının doğması – atası, əmisi, dayısı halına gəldi. Müharibə İlham Əliyevin xalqla ünsiyyət ritorikasına zərb-məsələ çevrilmiş leksikon daxil etdi. Bu leksikon əsl Azərbaycan kişisinin obrazını canlandırırdı. Bu obrazın isə özlüyündə çox böyük məziyyətləri var. Ancaq biz ən başlıca xüsusiyyəti fərqləndirməliyik– SÖZÜBÜTÖVLÜYÜ. İlham Əliyev liderliyinin ən başlıca xüsusiyyəti onun sözünün ağası olmasıdır. Dövlətimizin başçısının hər bir fikri reallıqla fiksasiya əhəmiyyətinə malikdir. Yəni, o, nəyi dilə gətirirsə, dediyini mütləq həyata keçirir. Məhz planlılıq, strateji yanaşma İlham Əliyevin mahir siyasətçi obrazını tamamlayır. Bu gün bu obraz, eyni zamanda, güclü, qüdrətli Azərbaycanın obrazıdır. Bu, elə bir obrazdır ki, ölkəmizi dünyaya tanıdır. Ancaq biz onu da gördük ki, işğalçı Ermənistan və havadarları 17 il ərzində qeyd etdiyimizi məqamı dərk etmədilər, xəbərdarlıqlardan nəticə çıxarmadılar: “Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”. Bəli, istər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan verməyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xocalı qatilləri, Qarabağdakı separatçı rejimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır. Elə tapır ki, hər kəsə, erməni avantürizminin hər bir nümayəndəsinə görk olur. Bu böyük görk olayının müəllifi İlham Əliyevdir. Onun Prezident kimi fəaliyyətinin 20 illiyinin sayəsində xalqımız ötən müddətdə çəkdiyi məhrumiyyətlərin mükafatını görməkdədir. Sonda onu da deyək ki, Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxışına ən müxtəlif prizmadan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq mümkündür. Tarixi çıxışın xarakteri belədir. Ən böyük nəticə isə qürurdur. Bəli, əminliklə söyləyə bilərik ki, dövlətimizin başçısının bu qədim şəhərimizdəki çıxışı əsl qürur və fəxarət manifesti idi.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı