Beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunan Azərbaycan Prezidenti İlham Əliyevin xalqımız qarşısındakı xidmətləri, qlobal səyləri, yenilməz iradəsi, qətiyyəti və digər yüksək şəxsi keyfiyyətləri ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Dövlətimizin başçısının beynəlxalq arenadakı fəaliyyəti Azərbaycanı qlobal miqyasda tanınan nüfuzlu dövlətə çevirib. Prezident çoxsaylı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradaraq Azərbaycanın mənafeyini beynəlxalq səviyyədə uğurla müdafiə edir. 2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Xəzər dənizindən Avropaya enerji tədarükü üzrə layihələr, o cümlədən TANAP və TAP boru kəmərləri bu siyasətin uğurlu nəticələridir.
Prezident İlham Əliyevin daxili siyasəti isə xalqa xidmət və rifahın artırılması prinsipinə əsaslanır. Onun rəhbərliyi ilə ölkədə sosial islahatlar, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və infrastrukturun inkişafı sahələrində çoxsaylı layihələr həyata keçirilib. Hər il olduğu kimi cari ilin ötən dövründə də Azərbaycanın iqtisadiyyatında ciddi artım müşahidə edilib, yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, işğaldan azad edilmiş ərazilərimizdə bir sıra şəhər və kəndlərimiz yenidən qurulub və bu proses hazırda uğurla davam etdirilir.
Dövlətimizin başçısının əsas prioritetlərindən biri şəhid ailələrinə və qazilərə qayğının təmin edilməsidir. Şanlı 44 günlük Vətən müharibəsindən sonra bu kateqoriya üzrə ailələr üçün çoxsaylı mənzillər, evlər verilib və sosial proqramlar həyata keçirilib. Bununla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələrində əldə olunan nailiyyətlər dövlətin xalqın rifahına olan diqqət və qayğısını əks etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq aləmdə cərəyan edən prosesləri dərindən anlayan, strateji düşüncəyə malik bir liderdir. Onun irəli sürdüyü qlobal təşəbbüs və proqramlar Azərbaycanı beynəlxalq münasibətlər sistemində mühüm aktorlardan birinə çevirib. Dövlətimizin başçısı təkcə regional deyil, həm də qlobal problemlərin həlli üçün səmərəli təkliflərlə çıxış edir. Cari ildə Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün atılan addımlar və beynəlxalq platformalarda liderlik təşəbbüsləri onun qlobal siyasətdəki fəallığını bir daha təsdiqləyir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın tarixi və mədəni irsini dünyaya tanıdır. Dövlətimizin başçısı Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı rol oynadığını vurğulayaraq, “Bakı Prosesi” kimi qlobal təşəbbüslərə liderlik edir. Prezident İlham Əliyevin uğurlarında onun şəxsi keyfiyyətləri böyük rol oynayır. Dövlətimizin başçısının prinsipiallığı, qərarların qəbulu zamanı çevikliyi və gələcəyi dəqiq planlaşdırma məharəti ona xalqımızın və beynəlxalq ictimaiyyətin dərin hörmətini qazandırıb. Onun şəxsi nümunəsi, əzmkarlığı və yeniliklərə açıq bir lider olması Azərbaycanın inkişaf yolunda daha böyük zirvələrə çatmasına imkan yaradır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı