AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Slovakiyaya səfəri

Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında yeni strateji dinamika yaradıb
Dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Hər iki ölkə arasında diplomatik əlaqələr 1993-cü il noyabrın 23-də qurulsa da, tərəflər arasında əməkdaşlığın kökləri hələ sovet dövrünə dayanır. Müstəqillik əldə olunduqdan sonra Azərbaycan və Slovakiya arasında əlaqələr ardıcıl şəkildə genişlənib və son illərdə bu dinamika xüsusi olaraq güclənib. Slovakiya bu gün Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalamış 9 dövlətdən biri kimi seçilir.
Sənədlərin imzalanması mərasimindən sonra Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə bəyanatında İlham Əliyev iki ölkənin münasibətlərini “dostluq və strateji tərəfdaşlıq” kimi xarakterizə edərək vurğuladı ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın ən yüksək səviyyəyə yüksəlməsinə imkan yaradıb. Bu sənədin qəbulundan sonra siyasi, iqtisadi və digər sahələrdə qarşılıqlı fəaliyyət daha da intensivləşib.
Azərbaycanın Slovakiyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunun növbəti göstəricisidir. Hazırda respublikada yeni qaz yataqlarının işlənməsi, hasilatın artırılması və genişmiqyaslı yaşıl enerji layihələrinin icrası nəticəsində daxili enerji balansı optimallaşır və ixrac üçün əlavə imkanlar yaranır. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycanın 14 ölkəyə qaz nəqli həyata keçirməsi və boru kəmərləri vasitəsilə ixracda əsas təchizatçı ölkə kimi çıxış etməsi Slovakiyanın və onun regiondakı tərəfdaşlarının enerji təminatında yeni perspektivlər açır.
Slovakiya və Azərbaycan siyasi, mədəni, iqtisadi, müdafiə və təhlükəsizlik istiqamətlərində əməkdaşlığı genişləndirməkdə qərarlıdırlar. Ötən il imzalanmış strateji bəyanat bu münasibətlərin gələcəkdə daha yüksək — strateji müttəfiqlik səviyyəsinə yüksələ biləcəyinə əsas yaradır. Eyni zamanda səfər Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına töhfə verərək Bratislavanın Cənubi Qafqazda enerji marşrutlarının genişləndirilməsi ilə bağlı maraqlarını da reallaşdırır.
Slovakiyanın nümunəsi göstərir ki, Aİ-yə üzv dövlətlər milli maraqlarını qoruyaraq həm ikitərəfli, həm də birlik çərçivəsində konstruktiv əməkdaşlıq apara bilirlər. Azərbaycan-Slovakiya əməkdaşlığı bu baxımdan həm regionun dayanıqlılığına, həm də yeni iqtisadi layihələrin gerçəkləşməsinə şərait yaradan səmərəli model kimi çıxış edir. İkitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafı, siyasi dialoqun intensivliyi və iqtisadi layihələrin artması tərəflər arasında daha güclü tərəfdaşlığın bünövrəsini formalaşdırır.
Bu istiqamətdə atılan addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir və ölkəmizin nüfuzunun artmasına xidmət edir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button