Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.Bütövlükdə, MDB dövlətləri ilə çox yüksək səviyyəli ikitərəfli münasibətləri formalaşıb. İntensiv xarakter daşıyan bu münasibətlər ölkələrin milli maraqlarına xidmət edir və tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsipinə əsaslanır.
Heç təsadüfi deyil ki, MDB ölkələrindən olan Qırğızıstanda təxminən 20 mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti 1920-1930-cu illər bolşevik repressiyalarında bu ölkəyə sürgün olunanlar və ya onların övladlarıdır. İki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulmuşdur. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ulu Öndər Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin görüşü keçirilmişdir. Heydər Əliyev daha sonra 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və orada qırğızıstanlı həmkarı ilə görüşüb. 11 sentyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında protokol imzalanıb.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı 2003-cü il dekabrın 10-da Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı Qırğızıstan Prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq qeyd edib ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq. 2004-cü il iyunun 2-də Qırğızıstanın müdafiə naziri E.Topoyev Bakıda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan və Qırğızıstan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşü keçirilib. Zirvə görüşünün sonunda prezidentlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini və Zirvə toplantısının yekunu olaraq Naxçıvan Bəyannaməsini imzalayıblar. 2013-cü il avqustun 15-16-da Qırğızıstan Respublikasının Prezidenti Qəbələ şəhərində keçirilən TDƏŞ-nin Zirvə görüşündə iştirak etmişdir. Prezident İlham Əliyevin 2016-cı ildə Bişkekə səfəri Qırğızıstan-Azərbaycan ikitərəfli münasibətləri tarixində ən əhəmiyyətli görüş hesab edilir. Bu görüş iki ölkə arasında iqtisadi, siyasi, elmi-texniki, gömrük sahələrində əməkdaşlığa yeni təkan verib. İllərdir ki, hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ernənistan-Azərbaycan, Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəlkləyib, münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azətbaycan arasında atəşkəs haqqında müqavilə də məhz Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı