AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin müsahibəsi: Suveren Azərbaycanın yeni inkişaf doktrinası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünən yerli media nümayəndələrinə verdiyi genişmiqyaslı müsahibə, ölkəmizin suverenliyinin tam bərpasından sonra keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini təqdim etdi. Dövlət başçısının qətiyyətli bəyanatları Azərbaycanın daxili sabitliyinin, xarici siyasətinin və quruculuq əzminin sarsılmazlığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənab prezidentin qətiyyətli və uzaqgörən bəyanatları göstərir ki, Azərbaycan artıq yalnız regional reallıqları müəyyən edən subyekt deyil, həm də qlobal miqyasda strateji əhəmiyyətə malik güc mərkəzidir. Dövlət başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinə çatdırdı. Sözsüz ki, ölkə başçısı müsahibəsində həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi.

Prezidentin çıxışı xüsusilə regionda baş verən dəyişikliklər, sosial-iqtisadi inkişaf və dövlətin strateji layihələri, həm daxili, həm də xarici siyasətdə qarşıda duran prioritetlər ilə bağlı verdiyi açıqlamalarla yadda qaldı. Üç saat davam edən müsahibə hər şeydən öncə cənab Prezidentin media sahəsinə verdiyi önəmin, mətbuatla   sıx münasibətlərinin göstəricisidir. ​Prezident İlham Əliyev müsahibəsində işğaldan azad edilmiş torpaqların bərpasında yeni keyfiyyət mərhələsinin — horizontal inteqrasiyanın başladığını bəyan etmişdir. Dövlət başçısının “İşğaldan azad edilən bölgələri bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir” fikri, Qarabağ və Şərqi Zəngəzurun təkcə mərkəzlə deyil, həm də daxili şəbəkələr vasitəsilə bir-birinə sıx bağlanmasını nəzərdə tutur.

Bu strateji vəzifənin icrası Şuşa, Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanı birləşdirən müasir yol-nəqliyyat infrastrukturu bölgənin iqtisadi qan damarlarını formalaşdırır. Bu, region daxilində logistik xərclərin azaldılmasına və hərəkət intensivliyinin artmasına imkan verir, bölgələrin bir-biri ilə inteqrasiyasının kənd təsərrüfatı, turizm və sənaye sahələrində vahid dəyər zəncirinin yaradılmasını təmin edir, bununla da əhalinin məskunlaşdığı məntəqələr arasında kəsintisiz əlaqənin olması sosial xidmətlərin əlçatanlığını artırır və azad edilmiş ərazilərdə həyat keyfiyyətini ölkə üzrə orta göstəricilərdən yuxarıya qaldırır.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-ABŞ münasibətlərindəki yeni dinamikanı və son dövrlərdə müşahidə olunan müsbət meyilləri də geniş şəkildə təhlil etdi. Dövlət başçısı münasibətlərin artıq daha konstruktiv və qarşılıqlı hörmətə əsaslanan müstəviyə keçdiyini vurğulayaraq ABŞ-la münasibətlərdə müəyyən bir gərginlik dövrünün geridə qaldığını, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yaranan yeni reallıqların Vaşinqton tərəfindən daha dərindən dərk edilməyə başlanmasını, artıq hər iki tərəfin əməkdaşlığın gələcəyinə fokuslandığını, eyni zamanda münasibətlərin yaxşılaşmasında ənənəvi əməkdaşlıq sahələrinin rolunun yenidən ön plana çıxdığını vurğuladı.

Prezident İlham Əliyevin bu müsahibəsi sadəcə bir illik fəaliyyətin hesabatı deyil, həm də qüdrətli Azərbaycanın gələcək onilliklərini əhatə edən milli inkişaf doktrinasıdır. Dövlət başçısının qətiyyətli bəyanatları və elan etdiyi strateji prioritetlər bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə daha böyük zəfərlərə, sarsılmaz sabitliyə və yüksək rifaha doğru inamla addımlayır. Bu çıxış həm dostlar, həm də rəqiblər üçün aydın bir mesajdır: Azərbaycan öz milli maraqlarını qorumağa və regionun taleyini müəyyən etməyə qadir olan, sarsılmaz iradəyə malik güclü dövlətdir.

Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyasının məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button