
Xocalı Soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı və ən faciəli səhifələrdən biridir. 1992-ci ilin 26 fevralında dinc əhaliyə qarşı törədilmiş bu qətliam təkcə bir şəhərin məhv edilməsi deyil, bütöv bir xalqın yaddaşına vurulan ağır zərbə idi. Aradan illər keçsə də, Xocalının ağrısı unudulmur, əksinə milli şüurun və dövlətçilik düşüncəsinin ayrılmaz hissəsinə çevrilir.
Xocalı Soyqırımı Memorialının açılış mərasiminin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilməsi xüsusi siyasi və tarixi məna daşıyır. Dövlət başçısının memorialın açılışını şəxsən etməsi Xocalı həqiqətlərinin dövlət siyasətinin ən ali səviyyəsində dayandığını göstərir. Bu, təkcə rəmzi addım deyil — bu, siyasi iradənin, milli yaddaşa sahib çıxmağın və tarixi həqiqətlərin qorunmasının açıq nümayişidir.
Memorial yalnız bir abidə deyil. O, Azərbaycanın müstəqil və qətiyyətli mövqeyinin simvoludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirilir. Dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, qəbul olunan qərarlar və aparılan informasiya siyasəti Xocalının artıq qlobal humanitar faciə kimi tanınmasına xidmət edir.
Memorialın açılışı həm də gələcək nəsillərə ünvanlanan mesajdır: tariximizi unutmaq olmaz, şəhidlərimizin xatirəsi daim uca tutulmalıdır. Dövlət başçısının bu mərasimdə iştirakı milli birliyin, həmrəyliyin və dövlət-vətəndaş həmrəyliyinin bariz nümunəsidir. Bu addım göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının ağrısını bölüşür və ədalətli mövqeyindən geri çəkilmir.
Bu gün sosial şəbəkələrdə edəcəyimiz paylaşımlar memorialın açılışını yalnız informasiya kimi deyil, dövlətimizin prinsipial siyasətinin və güclü liderlik iradəsinin təzahürü kimi təqdim etməlidir. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin yayılması hər birimizin vətəndaşlıq borcudur.
Xocalı unudulmur.
Xocalı unutdurulmur.
Və Azərbaycan dövləti öz tarixinə sahib çıxaraq bu həqiqətləri daim yaşadır.
Səbinə Həsənova,
YAP-ın fəalı


