
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə mühüm işlərdə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Möhtərəm İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar sahələrdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin qüvvəsinə çevirir, üstəlik, Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.
Prezident İlham Əliyevin də hakimiyyətə gəlməsindən sonra gənclər siyasəti hazırda dövlət proqramının əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Gənclər isə öz növbələrində genişmiqyaslı dövlət qayğısından, onlar üçün yaradılan əlverişli şəraitdən bəhrələnərək müstəqil Azərbaycanın inkişafı naminə böyük fəallıq nümayiş etdirirlər. Möhtərəm Prezident məmnunluq hissi ilə vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”, deyən İlham Əliyev gəncləri dəstəkləmişdir.
Ümumiyyətlə, Azərbaycanın gənclər siyasəti təhsil və peşə hazırlığı, işlə təminat, sağlam həyat tərzi və idman, mədəniyyət və yaradıcılıq, eləcə də siyasi fəallıq və vətəndaş cəmiyyəti sahələrinə yönəlib. Gənclərin yüksək ixtisaslı kadr kimi formalaşması üçün təhsil sisteminin təkmilləşdirilməsi və peşə hazırlığı proqramlarının genişləndirilməsi önəmlidir. Eyni zamanda, gənclərin məşğulluq səviyyəsinin artırılması, sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi və yeni iş yerlərinin yaradılması dövlətin diqqətindədir. Gənclərin fiziki sağlamlığının qorunması və idman sahəsində fəaliyyətlərinin təşviqi, onların mədəni və yaradıcılıq imkanlarının inkişafı üçün də müxtəlif tədbirlər həyata keçirilir. Həmçinin, gənclərin ictimai-siyasi həyatda aktiv iştirakının təmin olunması, hüquq və azadlıqlarının müdafiəsi gənclər siyasətinin mühüm tərkib hissəsidir.
Dövlət başçısının müvafiq fərmanları əsasında Gənclər və İdman Nazirliyi yenidən qurulmuş, Gənclər Fondu yaradılmış, “Azərbaycan Gəncliyi Dövlət Proqramı” qəbul olunmuşdur ki, bütün bunlar da ölkəmizdə gənclər siyasətinin inkişafına təkan vermiş, gənclərin ictimai təşəbbüslərinə, yerli və beynəlxalq miqyaslı layihələrinə dəstək vermişdir. Bundan başqa, “Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı” gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir, gənclərimiz Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Aprel döyüşlərində, eləcə də ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində düşmən qüvvələrinin qətiyyətli şəkildə məhv edilərək işğal altında olan ərazilərimizin azad olunması, Azərbaycan əsgərinin son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəlməsi bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir. Gənclər Vətən qarşısında öz vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında fəal iştirak edirlər.
Gənclik- böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncəmizdir! Gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasətinin nəticəsidir ki, Azərbaycan gəncləri firavan gələcəyin əsl qayğıkeşləri kimi çıxış edirlər.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi



