AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın enerji siyasətində mühüm mərhələ kimi qiymətləndirilir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, beynəlxalq əməkdaşlığın əhəmiyyətindən və yaşıl enerji sahəsində həyata keçirilən layihələrdən danışıb.

Prezident çıxışında qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropa ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığının əsas sütunlarından biridir. Bu layihə təkcə enerji mənbələrinin şaxələndirilməsi baxımından deyil, həm də regionlararası əməkdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu nəhəng layihə artıq bir çox ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Qeyd edək ki, prezident İlham Əliyev bildirib ki, Azərbaycan qazının Avropaya nəqli ildən-ilə artır və bir sıra ölkələr üçün etibarlı enerji mənbəyinə çevrilib. O, Azərbaycanın öz tərəfdaşları ilə birlikdə qaz nəqlinin artırılması və mövcud infrastrukturun genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb.

Dövlət başçısı çıxışında həmçinin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Prezident bildirib ki, Azərbaycan yalnız ənənəvi enerji resursları ilə deyil, həm də bərpa olunan enerji potensialı ilə regionun aparıcı ölkələrindən biridir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan edilməsi ölkənin bu sahədə strateji planlarının göstəricisidir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan külək və günəş enerjisi sahəsində böyük potensiala malikdir və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq nəticəsində bu sahədə yeni layihələr həyata keçirilir. Bu layihələr həm daxili enerji tələbatının qarşılanmasına, həm də gələcəkdə yaşıl enerjinin ixracına imkan yaradacaq.

Sonda prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olaraq qalacağını, regional və qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib. O, iştirakçı ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Beləliklə, Bakıda keçirilən bu iclaslar bir daha göstərdi ki, Azərbaycan həm ənənəvi enerji layihələri, həm də yaşıl enerji təşəbbüsləri vasitəsilə regionun enerji xəritəsində mühüm rol oynamaqda davam edir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button