AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planının mahiyyəti

Müasir dövrdə dünyada süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.Rəqəmsal inkişaf bizim ölkəmizin də gələcək inkişafını böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafına müsbət təsir edəcəkdir. Azərbaycan bir çox sahələrdə, eyni zamanda neft-qaz, bağlantılar sahələrində böyük təcrübələrə sahibdir. Bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. İnfrastruktur layihələrinə əsasən nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb.
Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də aparılan siyasi təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir. Bu sahədə ölkəmizin bir çox üstünlükləri var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.
Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və ölkəmiz elektrik enerjisinin bir qismini ixrac edəcək. Hazırda Azərbaycanı Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir.
Azərbaycanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələri var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, dövlətimizin böyük üstünlüyüdür.10 fevral 2026-cı il tarixində Amerika Birləşmiş Ştatları Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu Xartiya tarixi bir sənəddir. Bu sənəddə data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz öz əksini tapıb.
Eyni zamanda, dövlətimizin Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilir. Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında çalışır. Keçən il Çin Xalq Respublikası ilə də hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalanmışdır. Dövlət xidmətlərinin “mygov” üzərindən, yəni vahid mərkəzdən həyata keçirilməsi həm dövlət qurumları, həm də vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstəriləcək.
Kadr hazırlığı da Azərbaycanda əsas vəzifələrdən biridir. Yeni yaradılacaq sahələr üzrə kadrların yetişdirilməsi və peşəkarlığının artırılması dövlətimizin diqqət mərkəzindədir. Bir sözlə süni intellektin tətbiqinin bütün dövlət qurumlarında geniş vüsət alması və kibertəhlükəsizliyin təmin olunması sahəsində tədbirlər görülməsi əsas diqqət mərkəzində olan məsələlərdəndir.

Cəlilova Təranə,
Xəzər rayonu, E. Şəmiyev adına
149 №li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button