
Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Hökumətin Bakıda fəaliyyətə başlamasından az sonra, yəni 1918-ci ilin noyabrında Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olması barədə qərar qəbul olundu…
Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar olmuşdur. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başlayıb. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında Milli Bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğulamışdır: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.
Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Prezident İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Bu illər ərzində Azərbaycanın gücləndiyini və dünya miqyasında özünə layiq yerini tuta bildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”. Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır. Çünki bu bayraq tariximiz, şərəfimiz və namusumuzdur. Son olaraq qeyd edim ki, ölkə başçımız, Müzəffər Ali Baş Komandanımız heç bir təzyiq qarşısında əyilmədiyi halda yalnız şanlı bayrağımız qarşısında əyilərək onu öpüb alnına qoyaraq göndərə çəkir. Bu hər birimizə örnək olmalıdır. Hər birimiz dərk etməliyik ki, bizim qarşısında əyiləcəyimiz çox az dəyər var ki, onlardan biri də milli qürurumuzun simvolu olan Azərbaycan bayrağıdır. Zəfərimiz, dastanınız mübarək və davamlı olsun! Qarabağ bizimdir, Qələbə də bizimdir! Qarabağ Azərbaycandır!
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



