AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev fəaliyyəti ilə effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı formalaşdırıb

“İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Belə ki, cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də seçicilərin 76 faizindən çoxunun, 2008-ci il oktyabrın 15-də 88,73 faizinin, 2013-cü il oktyabrın 9-da 84,54 faizinin, 2018-ci il aprelin 11-də 86,02 faizinin, 2024-cü il fevralın 7-də – Zəfər seçkisində isə 92,12 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Bütün bunlar bir daha Azərbaycan xalqının Prezident İlham Əliyevə olan sevgisinin və hörmətinin bariz nümunəsidir”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin siyasəti demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu özündə birləşdirir: “Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan böyük uğurlar əldə edib: “Məsələn, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub, 2003-2023-cü illərdə ÜDM 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Eləcə də, 2003-2023-cü illərdə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Eyni zamanda, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir, strateji valyuta ehtiyatları isə 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb”.

“Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür”– deyən Ramil Vəlibəyov əlavə edib ki, doğum günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür: “Bu cür əlamətdar günlərində Prezident  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bunlar bir daha onu sübut edir ki, Prezident İlham Əliyev fəaliyyəti ilə effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı formalaşdırıb”.

Oxşar Xəbərlər

Back to top button