
Tarixi ədalətin bərpası Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutur. Uzun illər davam edən işğal, doğma yurdlarından didərgin salınmış insanlar və dağıdılmış yaşayış məntəqələri ölkəmizin üzləşdiyi ağır nəticələr sırasında olub. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə bu tarixi reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolu izah etdi.
Dövlət başçısı bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu müddətdə bir milyon azərbaycanlı öz doğma yurdlarından qovulub, şəhər və kəndlər dağıdılıb, tarixi və dini irsə ciddi ziyan vurulub. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun müddət icra olunmaması problemin həllini gecikdirən əsas amillərdən biri kimi qeyd edildi.
Azərbaycan uzun illər münaqişənin siyasi yolla həllinə nail olmağa çalışıb. Lakin beynəlxalq vasitəçilik mexanizmləri gözlənilən nəticəni verməyib. Prezident İlham Əliyev çıxışında beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasının təmin edilməməsinin yaratdığı problemləri vurğulayaraq hüquqi mexanizmlərin təsirli olmasının vacibliyini önə çəkdi.
2020-ci il Vətən müharibəsi Azərbaycanın tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu. Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə ölkənin suverenliyi tam bərpa olundu. Prezident İlham Əliyev bu nəticələri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və separatizmin sona çatdırılması baxımından qiymətləndirdi.
Tarixi ədalətin bərpası ilə yanaşı, Azərbaycan gələcək sülhün qurulmasına da önəm verir. Dövlət başçısı müharibədən sonra Ermənistana sülh təklif edildiyini və qisas siyasətinə üstünlük verilmədiyini bildirdi. Prezident İlham Əliyevin AQEM tribunasından səsləndirdiyi fikirlər Azərbaycanın öz hüquqlarını müdafiə etməklə yanaşı, regionda davamlı sabitliyin təmin olunmasına da çalışdığını nümayiş etdirdi.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



