
Dövlət suverenliyi müstəqil siyasətin həyata keçirilməsi, ərazi bütövlüyünün qorunması və ölkənin daxili məsələləri ilə bağlı qərarların sərbəst qəbul edilməsi üçün əsas hüquqi prinsipdir. Azərbaycanın müasir tarixində suverenliyin bərpası uzunmüddətli münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı mühüm mərhələ olub. AQEM-in 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyev bu məsələnin tarixi və beynəlxalq əhəmiyyətini diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin uzun müddət işğal altında qalmasını xatırlatdı. Bu dövrdə ölkə əhalisinin bir hissəsi doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlər dağıdılmışdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması suverenliyin və ərazi bütövlüyünün qorunması baxımından beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı problemləri üzə çıxardı.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra ölkənin suverenliyi tam bərpa olundu. Prezident İlham Əliyev bu nəticəni separatizmin sona çatdırılması və dövlətin ərazi bütövlüyünün təmin edilməsi baxımından mühüm tarixi hadisə kimi təqdim etdi.
Dövlət suverenliyinin bərpası ilə yanaşı, Azərbaycanın müharibədən sonrakı mövqeyində sülh məsələsi də xüsusi yer tutur. Prezident İlham Əliyev Ermənistana sülh təklif edildiyini və qisas siyasətinin seçilmədiyini vurğuladı. Bu yanaşma suverenliyin müdafiəsi ilə regional sabitliyin qurulması arasında əlaqənin olduğunu göstərir.
Azərbaycanın təcrübəsi dövlət suverenliyinə hörmətin beynəlxalq münasibətlərdə əsas prinsiplərdən biri olduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin AQEM tribunasından səsləndirdiyi fikirlər beynəlxalq hüququn qorunması və dövlətlərin ərazi bütövlüyünə hörmət göstərilməsi çağırışını əks etdirir. Bu prinsiplərin ardıcıl tətbiqi regional və qlobal təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Nigar Məmmədova,
YAP Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 7” ərazi partiya təşkilatının sədri



