GündəmSiyasət

Özbəkistan təmsilçisi: Bakı həmişə bilik, mədəniyyət və texnologiya mübadiləsi mərkəzi kimi çıxış edib

AQEM-in sessiyasının Bakı şəhərində keçirilməsi xüsusi məna daşıyır. Çünki bura Şərqlə Qərbin, qədim tarixin və müasir texnologiyaların birləşdiyi məkandır. Bakı həmişə bilik, mədəniyyət və texnologiya mübadiləsi mərkəzi kimi çıxış edib. Əminəm, biz – analitik qurumların nümayəndələri bu gün elə perspektiv təkliflər və təşəbbüslər irəli sürəcəyik ki, onların həyata keçirilməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verəcək.

Gundemws.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Beynəlxalq təşkilat kimi AQEM – transformasiya və institusional potensialın artırılması” mövzulu iclasında Özbəkistan Respublikası Prezidentinin yanında Strateji və Regional Tədqiqatlar Institutunun direktor müavini Baxtiyor Mustafayev söyləyib.

“Xüsusi vurğulamaq istəyirəm ki, layiqli inkişaf yolu keçən AQEM özünü Asiyada geniş təhlükəsizlik məsələlərinin müzakirəsi üçün nüfuzlu Forum kimi təsdiq edib. Bu gün öz inkişafının yeni tarixi mərhələsində çıxış edən AQEM-in transformasiya çərçivəsində milli islahat aparılır. Sevindirici haldır ki, bu dəyişikliklər təşkilatımızın bütün iştirakçıları tərəfindən dəstəklənir, xüsusilə transformasiya proseslərinin ardıcıllığını və səmərəliliyini təmin etmək məqsədilə yol xəritələri tərtib edilir”, – deyə Baxtiyor Mustafayev qeyd edib.

O, geosiyasi gərginliyin artması və qlobal iqtisadi böhran fonunda Asiya qitəsinin həm nəhəng iqtisadi, həm də intellektual potensiala malik olduğunu qeyd edib. Baxtiyor Mustafayevin sözlərinə görə, Asiya ölkələri bir tərəfdən ciddi çağırışlarla üz-üzə qalır, digər tərəfdən isə daha geniş əməkdaşlıq və inteqrasiya üçün yeni imkanlar qazanır.

“AQEM-in başladığı transformasiya prosesini praktik məzmunla zənginləşdirmək üçün diqqətinizi aktual məsələyə yönəltmək istərdim. Təşkilatın əsas prinsiplərinə sadiqliyin gücləndirilməsi üçün AQEM qarşılıqlı etimad, bərabərlik, mədəniyyətlərin müxtəlifliyinə hörmət və birgə inkişaf istiqamətində ardıcıl fəaliyyət göstərməlidir. Bu prinsiplərə sadiq qalmaq olduqca vacibdir”, – deyə özbəkistanlı nümayəndə vurğulayıb.

Oxşar Xəbərlər

Back to top button