Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ötən gün “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfrans keçirilib.
Gundemws.az xəbər verir ki, konfransda Nizami RİH başçısı Coşqun Cəbrayılov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Baku TV-nin direktoru Ramin Cəfərov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, şanlı tariximizin zəfər və qalibiyyət dastanını yazan qalib lider – Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin dünyada nüfuzu və iqtisadi-siyasi gücü durmadan artır.
Azərbaycanın mötəbər beynəxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsi dünyanın ölkəmizə etimadının göstəricisi, beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzunun təsdiqidir.
Lakin müasir və müstəqil Azərbaycanın uğurlarını, tarixi zəfərin reallıqlarını, ölkəmizin dünyada nüfuzunun artmasını, respublikamızın müstəqil siyasət yürütməsini və dünya siyasi arenasının fəal aktoruna çevrilməsini bəzi dövlətlər qəbul etmir, ölkəmizə qarşı qarayaxma, böhtan kampaniyaları aparırlar. Azərbaycana qarşı qərəz nümayiş etdirən həmin dövlətlər son zamanlar ideoloji təxribatların reallaşdırılmasında fəallıqlarını daha da artırıblar.
Vurğulanıb ki, ölkəmizə qarşı ideoloji təxribat kampaniyası aparan qüvvələr birmənalı şəkildə bilməlidirlər ki, cəmiyyətimizin hər bir üzvü, xüsusilə də Azərbaycan gəncləri hər zaman dövlətimiz və dövlətçiliyimiz naminə öz vətənpərvərliyi ilə nümunə olublar, uzunmüddətli davamlı strateji siyasətin nəticəsində yetişən vətənpərvər Azərbaycan gəncləri möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək inamla Azərbaycanın inkişafı naminə öz töhfələrini verirlər. Ölkəmizə qarşı aparılan ideoloji təbliğat prosesində iştirak edənlər hər zaman öz layiqli cəzalarını alıblar və bundan sonra da alacaqlar.
Konfrans müzakirələrlə davam edib, həmçinin gənclərin sualları cavablandırılıb.