Novruz xalqın birlik bayramıdır

Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də insanlar arasında birliyin, həmrəyliyin möhkəmlənməsi üçün xüsusi bir mərasimdir. Tarix boyu bu bayram müxtəlif təbəqələrdən olan insanları bir araya gətirib, dostluq və mehribanlıq ruhunu gücləndirib. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, Novruz kin-küdurətin unudulduğu, ziddiyyətlərin aradan qalxdığı, qəlblərin saflaşdığı bir zamandır. İnsanlar bir-birinə hörmətlə yanaşır, küskünlər barışır, düşmənçilik aradan qalxır. Bu bayramın mahiyyəti məhz insanları sülhə, əmin-amanlığa və qarşılıqlı anlaşmaya çağırış etməsidir. Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində çətin sınaqlarla üzləşsə də, milli birlik və həmrəylik sayəsində bu çətinliklərin öhdəsindən gəlməyi bacarıb. Novruz bayramı da bu həmrəyliyi gücləndirən ən mühüm amillərdən biridir. Müstəqilliyimizin möhkəmlənməsi, torpaqlarımızın azad olunması məhz xalqın birliyi sayəsində mümkün oldu. Prezident İlham Əliyev atasının ideyalarını yaşadaraq Azərbaycan xalqının ən böyük arzusunu – torpaqlarımızın azadlığını gerçəkləşdirdi. Bu zəfər xalqın birliyinin, iradəsinin və əzminin nəticəsidir.
Bu gün Novruz bayramı artıq qələbə bayramı kimi qeyd olunur. Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq daha böyük ruh yüksəkliyi ilə bayram edir. Qədim adət-ənənələrimiz qorunur, eyni zamanda müasir dövrün ruhuna uyğun olaraq inkişaf etdirilir. Azad olunmuş torpaqlarda da bu bayramın qeyd edilməsi xalqımızın tarixi köklərinə bağlılığını bir daha nümayiş etdirir. Novruzun mahiyyəti onun insanları barışa, sevgiyə və həmrəyliyə dəvət etməsidir. Bayram süfrəsi ətrafında toplaşan insanlar xoş niyyətlə gələcəyə baxır, yeni başlanğıclara ümid edir. Vətənin bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın ruhu şad edilir, onların fədakarlığı sayəsində bu günlərə çatdığımız unudulmur.
Azərbaycan xalqı tarixən bu bayramı böyük təntənə ilə qeyd edib, onu xalqın birliyi və ümummilli həmrəylik günü kimi yaşadıb. Hər evdə bayram süfrəsi açılır, ailələr və dostlar bir araya gəlir, insanlar bir-birinə xoş arzular diləyir. Bayramın mənəvi mahiyyəti, insanları daha da yaxınlaşdıraraq, milli vətəndaş həmrəyliyini gücləndirir. Novruz ənənələri, qədimdən bizə miras qalan dəyərlər kimi, cəmiyyətin mənəvi dayaqlarını formalaşdırır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu bu irsi qoruyaraq və inkişaf etdirərək, Novruz bayramının fəlsəfəsini gerçəkləşdirməyə davam edir. Azərbaycanın müstəqilliyi və suverenliyi tam bərpa olunduqdan sonra Novruz artıq işğaldan azad edilmiş torpaqlarda, Şuşada, Xankəndidə, Talışda və Suqovuşanda da böyük təntənə ilə qeyd edilir. Bu, həm də xalqımızın arzusunun reallaşmasının rəmzidir.
Azərbaycan xalqı üçün Novruz bayramı təkcə yeni ilin gəlişi deyil, həm də milli dəyərlərin yaşadıldığı, birlik və yenilənmənin təcəssüm olunduğu bir gündür. Xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra Novruz bayramı Azərbaycan üçün daha böyük tarixi və mənəvi məna kəsb etməyə başladı. Qarabağın işğaldan azad olunması ilə bu bayram artıq doğma torpaqlarda, Şuşada, Suqovuşanda və digər bölgələrdə qeyd edilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan illərlə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mübarizə apardı və nəhayət, 2020-ci ildə bu mübarizə haqq savaşımızla tamamlandı: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik.”
2021-ci ildə Şuşada keçirilən Novruz bayramı, Azərbaycan xalqının 30 illik həsrətinin sona çatmasının rəmzinə çevrildi. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bayram tonqalının alovlanması, xalqımızın tarixi köklərinə bağlılığını və azad Qarabağın yeni dövrə qədəm qoyduğunu göstərdi. Bu hadisə həm də dünyaya bir mesaj idi – Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bundan sonra bu torpaqlarda əbədi olaraq öz bayrağını dalğalandıracaq.
Azad edilmiş torpaqlarda Novruz bayramı artıq təkcə simvolik bir tədbir deyil, həm də geniş quruculuq və inkişaf prosesinin nümayişidir. Prezident İlham Əliyevin 2022-ci ildə Suqovuşanda Novruz bayramı münasibətilə etdiyi çıxışda qeyd etdiyi kimi: “Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır.” Bu sözlər təkcə Suqovuşanda deyil, bütövlükdə Qarabağda aparılan genişmiqyaslı bərpa işlərinin mahiyyətini əks etdirir. Artıq işğaldan azad olunmuş torpaqlarda həyat yenidən canlanır, şəhərlər və kəndlər qurulur, yeni yollar, infrastruktur layihələri icra olunur.
Qarabağda Novruz bayramının qeyd edilməsi xalqımızın iradəsinin və tarixə bağlılığının göstəricisidir. Keçmişdə yurd həsrəti ilə yaşayan insanlar üçün bu bayram artıq öz dədə-baba torpaqlarında, azad Qarabağda keçirilir. Şuşada, Suqovuşanda, Ağdamda, Laçında və digər bölgələrdə alovlanan bayram tonqalları, Azərbaycanın bir daha bu torpaqlardan ayrılmayacağını bütün dünyaya bəyan edir.
Ruqiyyə Məmədova,
Xəzər rayonu, 124 №li tam orta məktəbin müəllimi