AnalitikaGündəmMədəniyyət

Novruz bəşəri dəyərləri özündə daşıyan bir bayramdır

Novruz bayramı Azərbaycan xalqı üçün təkcə yeni günün, baharın gəlişinin deyil, həm də milli ruhun, birlik və qürurun rəmzidir. Xüsusilə Vətən müharibəsindən sonra bu bayramın əhəmiyyəti daha da artmışdır. Azad edilmiş torpaqlarda alovlanan Novruz tonqalları, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını və xalqımızın yenidənqurma prosesindəki qətiyyətini əks etdirir. Prezident İlham Əliyevin 18 mart 2023-cü ildə Talış kəndində söylədiyi kimi: “Bu gün biz qurub-yaradırıq.” Bu sözlər Qarabağın azad edilməsindən sonra aparılan genişmiqyaslı bərpa işlərinin mahiyyətini əks etdirir.

Talış kəndində bayram tonqalının alovlandırılması, Azərbaycanın hər bir azad edilmiş bölgəsində yeni həyatın başladığını nümayiş etdirdi. Artıq Qarabağ və Şərqi Zəngəzurda yollar, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar inşa edilir. Burada Novruzun əsas fəlsəfəsi olan yenilənmə və canlanma, gerçək mənada həyata keçirilməkdədir. Azərbaycan xalqı, 30 il davam edən həsrətdən sonra, doğma torpaqlarını yalnız geri qaytarmadı, həm də bu əraziləri daha da gözəlləşdirərək yeni bir mərhələyə çıxardı. Bu prosesin davamı olaraq, 18 mart 2024-cü ildə Xankəndidə keçirilən Novruz bayramı tədbiri, Azərbaycanın tarixi zəfərinin və milli birliyinin təcəssümü oldu. Prezident İlham Əliyev burada vurğuladı ki: “Elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir.” Azərbaycan gəncləri, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və vətənpərvərliklə xalqımızın tarixi missiyasını yerinə yetirdilər və torpaqlarımızın azadlığı uğrunda şərəfli bir mübarizə apardılar.

Novruz bayramı, təkcə baharın gəlişi deyil, həm də insanlıq tarixində birlik, dostluq və mənəvi saflıq kimi ali dəyərləri özündə ehtiva edən ən qədim bayramlardan biridir. Azərbaycan xalqı üçün Novruz, milli kimliyi, mənəvi dəyərləri və tarixi yaddaşı yaşadan müqəddəs bir ənənədir. Bu bayram insanların bir-birinə sevgi və hörmət göstərdiyi, küsülülərin barışdığı, ailə və cəmiyyət daxilində bağların möhkəmləndiyi bir gündür. Azərbaycan tarix boyu Novruzu milli-mənəvi irsin ayrılmaz hissəsi kimi qoruyub saxlamışdır. Bu bayram, xalqın ruhunda olan azadlıq və müstəqillik əzminin də bir rəmzi olmuşdur. Ulu Öndər Heydər Əliyev Novruzun xalqımız üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.” Bu sözlər, xalqın milli ruhunun və torpaqlarına bağlılığının ifadəsidir.

Novruz, eyni zamanda, bəşəri dəyərləri özündə daşıyan bir bayramdır. Dünyanın müxtəlif ölkələrində qeyd edilən bu bayram, xalqlar arasında mədəni körpülər yaradır, birliyi və sülhü təşviq edir. BMT tərəfindən 2010-cu ildə “Beynəlxalq Novruz Günü” kimi qəbul edilməsi, bu bayramın təkcə milli deyil, həm də bəşəri əhəmiyyətini bir daha təsdiqləyir. Novruzun fəlsəfəsi sülh, dostluq və insan sevgisi üzərində qurulmuşdur. Bu gün Novruz bayramı, Azərbaycan xalqı üçün xüsusilə qürurverici bir mərhələyə qədəm qoymuşdur. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bu bayram Qarabağda, Şərqi Zəngəzurda yenidən qeyd olunmağa başlamışdır. Bu, Novruzun yenilənmə və qayıdış rəmzi olduğunu bir daha göstərir. Novruz tonqalı, həm yenidənqurmanın, həm də xalqımızın tarixdə öz haqqını bərpa etməsinin müjdəsidir.

Günel İsmayılova,
Xəzər rayonu, 326 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button