AnalitikaGündəmSosial

Novruz Bayramı, insanları dostluğa və mərhəmətə daha yaxınlaşdırır

Novruz Bayramı təkcə Azərbaycan xalqının deyil, geniş bir coğrafiyada yaşayan müxtəlif xalqların birlikdə qeyd etdiyi qədim bayramlardan biridir. Bu bayramın mahiyyəti təkcə təbiətin oyanışı və baharın gəlişi ilə məhdudlaşmır, o, həm də ümumbəşəri dəyərləri – sülhü, tolerantlığı, birliyi və paylaşmağı tərənnüm edir.

Novruzun əsas fəlsəfəsi təbiət və insan arasında harmoniyanın yaradılmasıdır. Bu, insanların bir-birinə və ətraf mühitə hörmət və sevgi ilə yanaşmasını simvolizə edir. Novruzun dörd əsas çərşənbəsi (Su, Od, Yel və Torpaq) həyatın və təbiətin ayrılmaz hissələridir və bu ünsürlər bütün insanlığın birgə varlığını əks etdirir. Bayram günlərində insanlar bir-birini ziyarət edir, birlikdə süfrə arxasında toplaşır və qədim adət-ənənələri yaşadırlar. Bu isə dostluğu və mehribanlığı gücləndirən ən vacib dəyərlərdəndir.

Novruz Bayramı sülh və tolerantlığın mühüm simvollarından biridir. Tarix boyu fərqli millətlərin və mədəniyyətlərin bir arada yaşadığı bölgələrdə Novruz birləşdirici amil olmuşdur. Bu bayram irqindən, dinindən, dilindən asılı olmayaraq hər kəsi eyni dəyərlər ətrafında birləşdirir. Novruz süfrəsində hər kəsə yer var, bu bayram insanlar arasında heç bir ayrı-seçkiliyə yol vermir.

Bayramın ən vacib rituallarından biri küsülülərin barışmasıdır. Novruz yeni başlanğıc deməkdir və bu başlanğıc insanların bir-birinə sevgi ilə yanaşmasını təşviq edir. Bu baxımdan, Novruz düşmənçiliyi unutdurur, kin-küdurəti aradan qaldırır və hamını bir-birinə yaxınlaşdırır.

BMT və UNESCO kimi beynəlxalq təşkilatlar da Novruzun ümumbəşəri dəyərlərini tanımış və 2010-cu ildə 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişlər. Bu, bayramın yalnız lokal bir ənənə olmadığını, əksinə, insanlığın ortaq mədəni sərvəti olduğunu göstərir.

Novruz həm də insanlar arasında qarşılıqlı hörməti və multikulturalizmi təbliğ edən bayramdır. Azərbaycan kimi müxtəlif mədəniyyətlərin qovuşduğu ölkələrdə Novruz birgəyaşayışın və qarşılıqlı anlaşmanın vacib simvoluna çevrilmişdir. Azərbaycanda Novruz təkcə azərbaycanlılar tərəfindən deyil, ölkədə yaşayan digər xalqlar – talışlar, ləzgilər, avarlar, tatlar, kürdlər və digər etnik qruplar tərəfindən də böyük coşqu ilə qeyd olunur. Bu isə ölkədə mövcud olan tolerant və multikultural mühitin bariz nümunəsidir. Novruz Bayramının mahiyyətində paylaşmaq, yardım etmək və mərhəmət göstərmək kimi dəyərlər də dayanır. Bayram günlərində ehtiyacı olanlara yardım etmək, qocalara, kimsəsizlərə baş çəkmək, kasıblara sovqat aparmaq Novruzun əsas prinsiplərindəndir. Bu isə insanlığın əsas dəyərlərindən biri olan sosial həmrəyliyi daha da gücləndirir.

Nəticə olaraq, Novruz Bayramı yalnız milli kimliyimizin bir hissəsi deyil, eyni zamanda, bəşəri dəyərləri özündə birləşdirən mühüm bir mədəni irsdir. O, sülhü, sevgini, tolerantlığı, humanizmi və birliyi təbliğ edərək, insanları bir araya gətirən universal bir bayramdır. Müxtəlif xalqların Novruzu birlikdə qeyd etməsi, bu bayramın dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Bu səbəbdən Novruz Bayramı təkcə keçmişin yadigarı deyil, həm də gələcəyimiz üçün sülh və harmoniyanın təməlini qoyan bir ənənədir.

Sevinc Qəhrəmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button