
Novruz bayramı əsrlər boyu Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan ən mühüm bayramlardan biri olmuşdur. Bu bayram təkcə təbiətin oyanışını deyil, həm də birlik və həmrəyliyin rəmzi kimi qəbul edilir. Azərbaycan dövləti Novruzun beynəlxalq səviyyədə tanıdılması və dünya mədəni irsinin bir hissəsi kimi qəbul edilməsi istiqamətində mühüm addımlar atmışdır.
2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Bu addım bayramın qədim və bəşəri dəyərlərini dünya ictimaiyyətinə tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etmişdir. 2010-cu ildə isə BMT Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir ki, bu da onun qlobal miqyasda qəbul olunmasına səbəb olmuşdur.
Azərbaycan Novruz bayramını beynəlxalq səviyyədə təbliğ edərək, onun müxtəlif xalqlar arasında dostluq və multikulturalizmin simvolu kimi qəbul edilməsinə nail olmuşdur. Hər il ölkəmizdə keçirilən Novruz şənliklərinə müxtəlif ölkələrin nümayəndələri dəvət edilir, diplomatik tədbirlərdə Novruzun mahiyyəti barədə geniş məlumat verilir.
Bundan əlavə, Azərbaycanın xaricdəki səfirlikləri və diaspor təşkilatları vasitəsilə Novruzun dünyada tanıdılması istiqamətində müxtəlif mədəni tədbirlər təşkil edilir. Bu tədbirlər çərçivəsində milli musiqimiz, mətbəximiz və adət-ənənələrimiz nümayiş etdirilir. Bu cür təşəbbüslər Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda daha geniş tanınmasına töhfə verir.
Beləliklə, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması təkcə milli kimliyimizin qorunmasına deyil, həm də mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət edir. Azərbaycanın təşəbbüsləri sayəsində bu bayram artıq regional çərçivədən çıxaraq dünya miqyaslı mədəni hadisəyə çevrilmişdir.
Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı