GündəmSosial

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 11 dekabr 2024-cü il tarixində Milli Məclisin deputatlarının və geniş rayon ictimaiyyətinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib.

Gundemws.az xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini böyük ehtiramla anıblar.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və digər natiqlər çıxış ediblər.

Qeyd olunub ki, xalqımız Ulu Öndər Heydər Əliyevin Anım gününü Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramını bildirərək sonsuz minnətdarlıq hissləri ilə anır. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu Dahi İnsanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib, həyatı və fəaliyyəti doğma xalqına və Vətənimizə məhəbbət, sədaqət meyarı olub.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında, milyonların qəlbində əbədi və daimi yaşayacaqdır.

Xüsusilə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanda Heydər Əliyevin siyasi xətti çox uğurla davam etdirilir, ölkəmiz dünyanın siyasi arenasında mətin addımlarla irəliləyir.

Oxşar Xəbərlər

Back to top button