Analitika

Naxçıvandan başlayan müstəqillik yolu

Hər bir xalqın, millətin mədəni yüksəlişində, dövlətinin möhkəmlənməsində onun böyük şəxsiyyətləri mühüm rol oynayır. XX əsrin ən böyük siyasətçilərindən biri, dünya azərbaycanlılarının lideri, xalqımızın böyük oğlu Heydər Əliyev qeyri-adi zəkaya, təfəkkürə, qabiliyyətə, bacarığa malik dahi şəxsiyyət, eyni zamanda müasir Azərbaycanın qurucusu, onun hər qarış torpağı uğrunda canını əsirgəməyən yenilməz Ali Baş Komandanı idi. Onun Vətən, xalq, millət qarşısındakı ölçüyəgəlməz xidmətləri, respublikamızın daxili və xarici problemləri ilə bağlı hər bir tədbiri ölkəmizin uğurlu sabahına, xoş gələcəyinə hesablanmışdı. Mənalı ömrünü qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyev öz ideyalarında müstəqil Azərbaycan dövlətinin gələcəyini aydın və dəqiq müəyyən etmişdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin misilsiz xidmətləri sayəsində əldə olunmuşdur.

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya getdikdən sonra Heydər Əliyev 1990-cı il Qanlı Yanvar hadisəsinin səhəri günü Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinin qarşısında həyatını, ailəsini təhlükə altında qoyaraq Azərbaycan xalqına qarşı törədilən bu yolverilməz hadisəyə kəskin etirazını bildirmiş, sovet ordusunun Bakıya basqın edib görünməmiş vəhşiliklər törətdiyini, çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxiləsini pisləmiş, mərkəzi hakimiyyət orqanlarını baş verən hadisələrdə günahkar bilmişdi. Təbii ki, bundan sonra dahi Azərbaycan liderinin Moskvada qalması qeyri-mümkün idi. O, 1990-cı ilin iyul ayında Moskvadan Bakıya, sonra isə Naxçıvana qayıtdı.O dövrlər respublika ağır böhranlı günlərini yaşayırdı. Naxçıvanda isə vəziyyət daha gərgin idi. Muxtar respublika tamamilə blokada şəraitində saxlanılır, ərzaq qıtlığı, elektrik enerjisinin və qazın verilməməsi demək olar ki, naxçıvanlıları çətin vəziyyətdə yaşamağa vadar edirdi. Lakin xalqın böyük oğlunun Naxçıvana gəlişi bu qədim diyarın qurtuluşu oldu. Naxçıvanlılar dahi oğlunun ətrafında sıx birləşərək öz xilaskarı ilə birgə bütün çətinliklərə sinə gərməyə hazır idi. Azərbaycanın milli dövlətçiliyinin təməli də elə o dövrdə qoyuldu. Müstəqilliyə gedən yol Naxçıvandan başladı.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada millət vəkillərinin, eyni zamanda minlərlə naxçıvanlının təkidi ilə millətin xilaskarı, ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Ulu öndər ilk günlərdən fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi, qısa müddət ərzində muxtar respublikanın tarixinə yazılacaq mühüm əhəmiyyətə malik işlər gördü. Heydər Əliyevin bu ağır zamanlarda xalqının imdadına yetişməsi isə həm daxili, həm də xarici düşmənləri ciddi təşvişə salmışdı. Yad ünsürlərin sayəsində Naxçıvana təzyiqlər get-gedə güclənir, respublika hərtərəfli blokada vəziyyətinə salınırdı. Bakı ilə əlaqə isə demək olar ki, kəsilmişdi. Lakin Heydər Əliyev mövcud problemləri öz qətiyyəti, əqli, zəkası ilə yoluna qoyur, xalqının nicatı üçün yorulmadan, usanmadan çalışırdı. Onun Naxçıvanda yenidən siyasi fəaliyyətə başlaması təkcə muxtar respublikanı düşdüyü çətin vəziyyətdən qurtarmadı, ulu öndər həm də muxtar respublikaya rəhbərliyi dövründə – 1990-1993-cü illərdə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi.Muxtar respublikada ilk demokratik islahatların keçirilməsi, ilk milli sərhəd qoşunlarının yaradılması, keçmiş sovet ordusunun hərbi hissədəki silah-sursatının və texnikasının Azərbaycanın digər bölgələrindən fərqli olaraq tamamilə Naxçıvanda saxlanılması ulu öndərin müdrik liderlik qabiliyyətinin göstəricisi idi.

 Ümummilli lider Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrlərdə – 1990-1993-cü illərdə muxtar respublikanı düşdüyü ağır vəziyyətdən, böhranlı günlərdən xilas etdi. Xalqını əsl nicat yoluna çıxararaq onun hərtərəfli yüksəlişinə nail oldu. Ulu öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri isə bu qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.

 Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə sədrliyi dövründə çox mühüm tarixi qərarlar qəbul etdi. Naxçıvanda ictimai-siyasi şərait sabitləşdi, muxtar respublikaya erməni təcavüzünün qarşısı alındı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən mühüm siyasi, mədəni-iqtisadi tədbirlər 1990-cı illərdəki vəziyyəti tamamilə dəyişdirdi. Bütün bunlar isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button