Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu
Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).
TDT-nin əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:
-tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
-regionda və dünyada sülhün bərqərar edilməsi;
-xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;
-beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
-ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
-ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
-hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
-elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
-kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
-hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.
Naxçıvan Sazişinə uyğun olaraq ildə bir dəfə TDT-nin Zirvə Görüşləri və bir gün öncə TDT Xarici İşlər Nazirləri Şurasının görüşləri keçirilir.
TDT-nin bu günədək doqquz Zirvə Görüşü (Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd) keçirilmişdir.
TDT-nin bu günə qədər keçirilmiş bütün Zirvə görüşlərində tərəflər “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin Azərbaycan Respüblikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulamış və münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işlərinə töhfə verməyə hazır olduğunu bildirmişdir.
2024-cü il noyabrın 6-da Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü Qırğızıstanın paytaxtı Bişkekdə keçirildi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər türk dövlətlərinin liderləri iştirak edirdilər. Zirvə tədbirində Qırğızıstan Prezidenti Sadır Japarov şəxsən iştirak edərək qonaqları qarşıladı və hər bir dövlət başçısına səmimi qonaqpərvərliyinə görə təşəkkür etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək söylədi ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Zirvə Görüşünün ilk mərhələsində Sadır Japarov tədbirin əhəmiyyətini vurğuladı və qarşıdan gələn COP29 İqlim Konfransının Azərbaycanda keçiriləcəyini qeyd etdi. Bu mötəbər tədbir üçün Azərbaycan Prezidentinə dəstək verəcəyini bildirdi. Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də çıxış edərək, ortaq türk əlifbasının yaradılması və türk xalqları arasındakı iqtisadi-ticari əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qonaqpərvərliyinə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirdi və TDT-nin inkişafı üçün Azərbaycanın dəstəyini vurğuladı. İlham Əliyev TDT-nin fəaliyyətlərinin genişlənməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının artırılması üçün Azərbaycanın maliyyə dəstəyi göstərəcəyini qeyd etdi. Prezident, həmçinin, Azərbaycanın tranzit yollarının genişləndirilməsi və bu istiqamətdə qoyulan investisiyalardan bəhs etdi. O, 2023-cü ilin eyni dövrü ilə müqayisədə tranzit yüklərinin 15% artdığını qeyd edərək bu dəhlizin əhəmiyyətinə diqqət çəkdi.
İlham Əliyev Ermənistanın uzunmüddətli işğalından azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərini də vurğuladı. Prezident, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın azad olunmuş ərazilərdə tikilən məktəb və yaradıcılıq mərkəzlərinə görə təşəkkürünü çatdırdı.
11-ci Zirvə Görüşü TDT dövlətlərinin birliyi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün vacib addımlarla yadda qaldı. Görüş, türk dövlətləri arasındakı münasibətlərin daha da güclənməsi, ortaq tarixi və mədəni dəyərlərin qorunması və strateji layihələrin həyata keçirilməsi üçün yeni perspektivlər açdı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşündə çıxış edərək Türk dünyası üçün mühüm məsələlərə toxundu. İlham Əliyev çıxışında təşkilatın möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün Azərbaycanın verdiyi dəstəyi vurğuladı və bu məqsədlə TDT Katibliyinə 2 milyon dollar, Ağsaqqallar Şurasına isə 100 min dollar maliyyə yardımı ayrıldığını bildirdi.
Prezident həmçinin, Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini, bu sahələrdə təlimlər və təhsil proqramlarının genişləndirilməsinin qarşılıqlı etimadın göstəricisi olduğunu qeyd etdi. O, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin artırılmasında da böyük sərmayələr qoyduğunu vurğuladı, çünki bu dəhliz Mərkəzi Asiya ölkələri ilə Türkiyəni birləşdirir.
Bundan əlavə, İlham Əliyev Ermənistanla uzun müddət davam edən münaqişədən sonra Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini və işğaldan azad edilən ərazilərdə geniş yenidənqurma işlərinin aparıldığını bildirdi və çıxışında xüsusi vurğuladı ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır.
Osmanova Məlahət,
Xəzər rayonu, 92 № li tam orta məktəbin müəllimi