
15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni və strateji bir mərhələ qazandırdı. Bu sənəd yalnız hərbi və siyasi baxımdan deyil, həm də geosiyasi arenada iki dövlətin birgə iradəsini əks etdirən güclü bir mesaj idi. Regional güc balansında bu müttəfiqliyin təsiri hiss olunmağa başladı və proseslərə yeni dinamika gətirdi.
Sənəddəki əsas məqam – qarşılıqlı hərbi yardım öhdəliyinin hüquqi çərçivəyə salınması idi. Bu, faktiki olaraq, iki ölkənin təhlükəsizlik arxitekturasının inteqrasiyasını nəzərdə tutur. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bu növbəti addım müttəfiqliyin daha rəsmi, sistemli və gələcəyə hesablanmış bir forma almasını təmin etdi.
Eyni zamanda Şuşa Bəyannaməsi bütün dünyaya bir strateji mesaj göndərdi: Azərbaycan və Türkiyə arasındakı əlaqələr təsadüfi və emosionallıq üzərində qurulmayıb. Bu münasibətlər dərin tarixə, ümumi mədəniyyətə, ortaq maraqlara və qarşılıqlı inama əsaslanır. Bəyannamə vasitəsilə bu möhkəm təməl bir daha təsdiqləndi.
Bu sənədin ruhunda sarsılmazlıq var. Liderlərin sədaqəti, xalqların birliyi və gələcək vizyonu Şuşada ifadəsini tapdı. Artıq Azərbaycan və Türkiyə yalnız dost deyil – onlar birlikdə gələcəyin güc mərkəzini formalaşdırmaq yolunda qətiyyətlə addımlayır.
Nigar Cəlalova,
YAP Xəzər rayon təşkilatının fəalı