AnalitikaGündəmSiyasət

Müstəqil Azərbaycanın qazandığı uğurlarda Zərifə Əliyevanın da töhfələri unudulmazdır

Azərbaycanın ictimai-siyasi həyatında dərin iz qoymuş görkəmli şəxsiyyətlər arasında professor Zərifə xanım Əliyevanın adı xüsusilə ehtiramla çəkilir. O, təkcə göz xəstəlikləri sahəsində tanınmış alim və yüksək ixtisaslı həkim kimi deyil, həm də elmi-pedaqoji və ictimai fəaliyyətləri ilə xalqına sədaqətlə xidmət etmiş fədakar ziyalı kimi tanınır. Zərifə xanım Əliyeva doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru və daha sonra müdiri seçilməsi ilə elmi fəaliyyətində yeni mərhələyə qədəm qoydu. Onun rəhbərliyi altında institutda oftalmologiya elminin inkişafı sürətləndi, gənc kadrların hazırlanmasına, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə xüsusi diqqət yetirildi. Lakin Zərifə xanımın fəaliyyətini yalnız tibb sahəsi ilə məhdudlaşdırmaq ədalətsiz olar. O, cəmiyyətin rifahı və maariflənməsi naminə çalışan bir ziyalı kimi sosial məsələlərdə də fəal iştirak edirdi. Həyat yoldaşı, ümummilli lider Heydər Əliyev ilə birgə, ölkənin elm, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üçün mühüm təşəbbüslərə imza atırdı. Zərifə xanımın həyata keçirdiyi layihələr və verdiyi tövsiyələr dövlətin insan amilinə əsaslanan siyasətinin formalaşmasında öz əksini tapdı. 1983-cü ildə kafedra müdiri olduqdan sonra onun elmi və təşkilati fəaliyyəti daha da genişləndi. Bu dövrdə o, göz xəstəliklərinin erkən diaqnostikası və profilaktikasına dair metodların tətbiqini təşviq edərək, bu sahədə respublika miqyasında yeniliklərə yol açdı. Onun rəhbərliyi ilə hazırlanan mütəxəssislər təkcə Bakıda deyil, Azərbaycanın ən ucqar bölgələrində də insanların göz sağlamlığının keşiyində durdular.  Zərifə xanım Əliyeva həm də qadın ziyalıların ictimai həyatda fəallığının simvoluna çevrilmişdi. O, sübut etdi ki, qadın həm ailəsinə sadiq ola, həm də xalqına, dövlətinə dəyərli xidmət göstərə bilər. Onun həyat yolu müasir Azərbaycan qadını üçün nümunəvi örnəkdir. Zərifə xanımın əziz xatirəsi bu gün də xalqımızın qəlbində yaşayır. Onun elmi irsi, humanist dəyərlərə əsaslanan fəaliyyəti və vətənpərvər mövqeyi Azərbaycanın yeni nəsil alim və ziyalıları üçün mayak rolunu oynayır. Onun xatirəsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq, hər birimizin mənəvi borcudur. Zərifə xanım Əliyeva öz müdrikliyi, təvazökarlığı və yüksək insani keyfiyyətləri ilə Azərbaycan cəmiyyətində dərin hörmət qazanmışdı.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button