Müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev

Milli ideologiya hər şeydən əvvəl milli dəyərlərin təbiətinin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Daha dəqiq desək, müəyyən tarixi şəraitdə yaranmış milli ideologiya mədəni normalarla və milli-mənəvi dəyərlərlə əhatə olunmuş milli özünüdərki və milli ruhu təcəssüm etdirir, milli-mədəni yekcinsliyin güclənməsinə imkan yaradır. Bu baxımdan, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin fenomenal xidmətləri əvəzsizdir. Həyatının mənasını Vətənə xidmətdə görən Ümummilli liderimiz azərbaycançılıq ideologiyasının formalaşmasında, xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə hisslərinin oyanışında və onların təşkilatlanmalarında mühüm rol oynamışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ideya birliyinin yaradılması və bu ideologiyanın əsaslarının hazırlanması prosesi 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişindən başlayaraq həyata keçirildi. İlk vaxtlar respublikanın daxilində mövcud olan problemlər, siyasi xaos, iqtisadi tənəzzül, müharibənin davam etməsi və s. Ciddi nailiyyətlər qazanmağa imkan verməsə də, aparılmış ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq, 90-cı illərin sonlarında bu sahədə əsaslı dönüş yaratmaq mümkün oldu. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqramı kimi bu günün təhlilçiləri tərəfindən xüsusilə qiymətləndirilir. Tarixçi alimlər vurğulayırlar ki, Heydər Əliyev zamanında Azərbaycan dövlətini xilas etməsəydi, indi nə dövlətimiz vardı, nə də xalqımız həmrəyliyə, fikir birliyinə nail olardı. Tarixçilər qeyd edirlər ki, uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən zorla ayrı salınan, Sovet imperiyasının buxovları altında əzilən Azərbaycan xalqı milli və dövlətçilik maraqlarına, soykökünə, tarixinə Heydər Əliyevin böyük və yorulmaz fəaliyyəti nəticəsində qayıda bilib. Ulu öndər Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı ölkə həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı güclü olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin. Heydər Əliyevin azərbaycançılıq ideologiyasında mərkəzi yerdə dayanan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir idarəçilik institutudur. Bu dövlətin təkmil mərkəzi və yerli idarəetmə mexanizmləri, sabit ictimai-siyasi həyatı, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları lazımi səviyyədə dəyərləndirilməli və qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə şəffaf, tolerant və multikultural mühit hökm sürməli, ümumvətəndaş birliyi dövlətçiliyin təməlində dayanmalıdır.Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində – daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı