Analitika

Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb

Tarix sübut edib ki, heç də hər zaman bütün dövlət başçıları xalqına sadiq olmur, xalqı ilə sevinib, xalqı ilə kədərlənmir. Heydər Əliyev isə 1969-cu ildə ilk dəfə hakimiyyətə gələndə tez-tez zəhmətkeşlərlə görüşür, onların problemləri, həyat şəraiti ilə maraqlanır, lazımi köməyi göstərirdi. Məhz onun hakimiyyəti dövründə Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verildi. Çoxlu yaşayış binaları tikilərək bölgələrdən gəlib fabrik və zavodlarda çalışan əhaliyə paylanıldı. Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir. Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük.

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. O, vurğulayırdı: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır.”

Ümummilli lider Heydər Əliyevin siyasəti bu gündə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici siyasət strategiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmiş, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button