AnalitikaGündəmSiyasət

Müsahibədə xüsusi yer tutan məsələlərdən biri də Azərbaycan–Türkiyə münasibətləridir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə ölkəmizin mövcud geosiyasi reallıqlara yanaşmasını, milli təhlükəsizlik strategiyasını və regional əməkdaşlıq baxışını aydın şəkildə ortaya qoymuşdur. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan bu gün yalnız öz suverenliyini və ərazi bütövlüyünü qoruyan deyil, eyni zamanda regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən güclü dövlətdir.

Prezident İlham Əliyevin “biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq” fikri təsadüfi deyil. Müasir dünyada milli təhlükəsizlik anlayışı təkcə siyasi bəyanatlarla deyil, real güc amili ilə ölçülür. Azərbaycan son illər ərzində ordunun modernləşdirilməsi, hərbi texniki bazanın gücləndirilməsi və peşəkar kadr potensialının artırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər bu siyasətin nə qədər düzgün və uzaqgörən olduğunu bütün dünyaya sübut etdi. Bu gün isə Azərbaycan Ordusu artıq regionun ən güclü və çevik ordularından biri kimi qəbul olunur.

Müsahibədə xüsusi yer tutan məsələlərdən biri də Azərbaycan–Türkiyə münasibətləridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki qardaş ölkə arasında əməkdaşlıq artıq klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq rəsmi müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi-siyasi əsasını təşkil edir və həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə bir-birinə qarşılıqlı dəstək mexanizmini möhkəmləndirir. Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyi regionda sülhün və sabitliyin mühüm təminatçısı kimi çıxış edir.

Bununla yanaşı, Prezident İlham Əliyevin diqqətə çatdırdığı əsas məqamlardan biri də türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlıdır. Dövlət başçısı açıq şəkildə bəyan edir ki, söhbət hər hansı yeni hərbi təşkilatın yaradılmasından getmir. Bu mövqe Azərbaycanın konstruktiv və məsuliyyətli siyasətinin bariz nümunəsidir. Məqsəd qarşıdurma yaratmaq deyil, mövcud əməkdaşlıq formatlarını yeni, həyati əhəmiyyət daşıyan bir istiqamət üzrə genişləndirməkdir. Energetika, nəqliyyat, ticarət və investisiya sahələrində uğurla davam edən əməkdaşlıq təhlükəsizlik sahəsində də təcrübə və koordinasiyanın artırılmasını zəruri edir.

Bu yanaşma müasir beynəlxalq münasibətlər sisteminin çağırışlarından irəli gəlir. Bu gün dünyanın əksər regionlarında təhlükəsizlik riskləri artmaqdadır və hər bir dövlət öz milli maraqlarını qorumaq üçün daha çevik və çoxşaxəli əməkdaşlıq modellərinə üstünlük verir. Türk dövlətlərinin ortaq tarixə, mədəniyyətə və dəyərlərə malik olması bu sahədə qarşılıqlı anlaşma və etimad üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin təklifi məhz bu potensialın dəyərləndirilməsinə hesablanmışdır.

Dövlət başçısının diplomatik kanallar vasitəsilə mesajların göndərildiyini bildirməsi Azərbaycanın açıq və şəffaf siyasət apardığını göstərir. Bu, təkcə siyasi iradənin deyil, eyni zamanda qarşılıqlı razılaşma və konsensus prinsipinə sadiqliyin ifadəsidir. Əgər ümumi razılıq əldə olunarsa, birgə təlimlərin keçirilməsi regionda təhlükəsizlik əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradacaq. Əks halda isə bu, beynəlxalq ictimaiyyət üçün açıq sual olaraq qalacaq ki, bu təşəbbüsün qarşısında hansı mövqelər dayanmışdır.

Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut edir ki, Azərbaycan bu gün qlobal və regional proseslərdə passiv müşahidəçi deyil, fəal təşəbbüskar və məsuliyyətli aktordur. Güclü dövlət, güclü ordu və balanslaşdırılmış xarici siyasət Azərbaycanın əsas strateji üstünlükləridir. Bu xətt gələcəkdə də ölkəmizin təhlükəsizliyinin təmin olunmasına, regionda sülh və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlara əsaslanan, praqmatik və uzaqgörən siyasətinin növbəti bariz təzahürüdür.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasını məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button