AnalitikaGündəmSosial

Milli mətbuatımız: 150 illik bir yolun məsuliyyəti və gələcəyə baxış

Hər il iyulun 22-si təqvimlərimizdə sadəcə qırmızı dairəyə alınmış bir tarix deyil. Bu gün bizim üçün milli oyanışımızın, düşüncə dünyamızın və maarifçilik yolumuzun ən parlaq simvoludur. 1875-ci ildə Həsən bəy Zərdabinin böyük çətinliklər bahasına ərsəyə gətirdiyi “Əkinçi” qəzeti ilə başladığı bu yol, əslində, bir millətin özünü dünyaya tanıtma, ana dilini və milli kimliyini qorumaq cəhdi idi. Bu gün o tarixdən 150 il keçəndən sonra geriyə baxıb düşünürəm: biz sadəcə bir peşə bayramını qeyd etmirik, biz 150 illik bir mirasın varisləri kimi üzərimizə düşən böyük məsuliyyəti xatırlayırıq.

​”Əkinçi” qısaömürlü olsa da, qoyduğu prinsiplər zamanın sınağından çıxdı. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, mətbuatımızın inkişaf yolu xalqımızın azadlıq və müstəqillik mübarizəsinin aynasıdır. Həqiqətən də, biz tariximizin ən çətin dövrlərində, milli şüurun formalaşmasında məhz mətbuatın səhifələrindən dərslər almışıq. Bu ənənə bu gün də davam edir; dövlətçiliyimizin möhkəmlənməsində və cəmiyyətin maariflənməsində medianın rolu heç vaxt indiki qədər strateji olmayıb.

​Müstəqillik dövrümüzdə isə media tamamilə yeni, daha peşəkar bir mərhələyə qədəm qoydu. Ulu Öndərin media azadlığı ilə bağlı təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşib. Bu gün media sadəcə xəbər çatdıran bir platforma deyil, həm də dövlətin maraqlarını beynəlxalq müstəvidə müdafiə edən, informasiya təhlükəsizliyimizi qoruyan bir qalxana çevrilib.

​Son illərdə media sahəsində atılan addımlar – Medianın İnkişafı Agentliyinin yaradılması, Media Reyestri sistemi və qanunvericiliyin təkmilləşdirilməsi bu sahənin şəffaflığını və peşəkarlığını artırdı. Media subyektlərinin iqtisadi müstəqilliyinin dəstəklənməsi, vergi güzəştlərinin tətbiqi, əslində, azad və güclü mətbuatın formalaşması üçün yaradılmış zəminin bir parçasıdır.

​Bu fəaliyyətin ən bariz nümunəsini 44 günlük Vətən müharibəsi zamanı gördük. Həm yerli, həm də xarici jurnalistlərimiz həyatlarını riskə ataraq cəbhədən dünyaya həqiqətləri çatdırdılar, dezinformasiya müharibəsində dövlətimizin mövqeyini sarsılmaz etdilər. İndi Milli Mətbuat Gününün Şuşada, azad edilmiş torpaqlarımızda qeyd olunması tarixi bir ədalət olduğu qədər, həm də medianın gücünü təsdiqləyən bir rəmzdir. Qarabağda keçirilən media tədbirləri artıq ölkəmizin yeni inkişaf, quruculuq və zəfər dövrünün təqdimatıdır.

​Azərbaycan və Türkiyə mediası arasındakı strateji tərəfdaşlıq da xüsusi vurğulanmalıdır. İki qardaş ölkənin informasiya məkanında birgə addımlaması, media platformalarının inteqrasiyası regional və beynəlxalq müstəvidə maraqlarımızın qorunmasında və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayır.

​Bir gənc kimi bu məqamı xüsusilə önəmli sayıram: informasiya dövründə yaşayırıq və xəbərin sürəti, yalanın isə miqyası çox böyükdür. Bugünkü media mühitində əsas vəzifəmiz sadəcə oxumaq və ya izləmək deyil, “informasiya savadlılığı”nı qazanmaqdır. Mənbəyi şübhəli olan məlumatlardan uzaq durmaq, qərəzli xəbərləri ayırt etmək və cəmiyyətə doğru informasiya ötürmək – bu, hər bir gəncin, hər bir vətəndaşın üzərinə düşən mənəvi bir yükdür. Biz gənclər sosial şəbəkələrin və rəqəmsal medianın aktiv istifadəçiləri olaraq, informasiya məkanımızın sağlam qalmasında məsuliyyətli olmalıyıq.

​Nəticə etibarı ilə, milli mətbuatımız Zərdabinin “Əkinçi”si ilə əkdiyi toxumların bu gün nəhəng bir meşəyə çevrildiyi tarixi bir yol keçib. Rəqəmsal texnologiyalar və peşəkar jurnalistika ilə zənginləşən mətbuatımız, ölkəmizin gələcək inkişafında lokomotiv funksiyasını yerinə yetirməyə davam edəcək. Bu zəngin irsi qorumaq, onu daha da müasirləşdirmək və gələcək nəsillərə daha güclü bir media mühiti miras qoymaq – düşünürəm ki, bu, hər birimizin vətəndaşlıq borcudur.

Şamilli Turabəxanım,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button