AnalitikaGündəmSiyasət

MDB çərçivəsində əməkdaşlıq və Azərbaycanın artan roludur

2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın regional əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi. Bu çıxış yalnız diplomatik təşəkkürlərlə məhdudlaşmadı, eyni zamanda Azərbaycanın MDB məkanında artan nüfuzunun, mədəni və humanitar sahələrdəki təşəbbüslərinin aydın ifadəsi oldu. Prezident Cənab İlham Əliyev çıxışına ev sahibi Tacikistana təşəkkür edərək başladı. O, Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəni inkişaf etdirmək istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Düşənbənin son illərdə keçdiyi inkişaf yolu xüsusilə vurğulandı. Bu, Azərbaycan və Tacikistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin bir nümunəsi olaraq təqdim edildi. Tacikistanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olması, ümumilikdə MDB məkanında Azərbaycanın açıq və konstruktiv əməkdaşlıq siyasətini təsdiqləyir. Prezident Cənab Əliyev çıxışında bu istiqamətdəki iradəsini bir daha nümayiş etdirdi. Prezident Cənab İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri MDB məkanında humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı çağırışlar idi. Prezident bu əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşma və hörmətin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi. Azərbaycanın bu sahədə atdığı addımlar da xüsusi yer tutdu. 2024-cü ildə Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi, humanitar inteqrasiyanın praktiki təzahürü kimi göstərildi. İlham Əliyev bu qərarı dəstəkləyən bütün üzv dövlətlərə təşəkkürünü bildirdi. Qeyd edək ki, Laçın şəhəri uzun illər Ermənistanın işğalı altında qalmış, lakin 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılmışdı. Qısa zamanda həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində şəhər öz mədəni kimliyini və tarixi irsini yenidən bərpa etməyə başlayıb. MDB-nin mədəniyyət paytaxtı statusu isə bu prosesi beynəlxalq səviyyədə tanıtmış oldu. Prezident İlham Əliyevin çıxışında vurğulanan digər önəmli sahə isə idman və gənclərlə bağlı əməkdaşlıq idi. Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın Gəncə şəhərində keçirilən III MDB Oyunlarının uğurla başa çatması, bu sahədəki əməkdaşlığın inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirildi. 1600-dən çox idmançının iştirak etdiyi bu yarışlar təkcə idman tədbiri olmaqdan əlavə, MDB gənclərinin bir araya gəldiyi, bir-birini daha yaxından tanıdığı bir platformaya çevrildi. Azərbaycanın altı müxtəlif şəhərində keçirilən yarışlar ölkənin idman infrastrukturu və təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın MDB daxilində təkcə passiv iştirakçı deyil, eyni zamanda təşəbbüskar və strateji tərəfdaş olduğunu göstərdi. İstər humanitar, istər mədəniyyət, istərsə də gənclərlə bağlı sahələrdə irəli sürülən təşəbbüslər, Azərbaycanın təşkilat daxilində oynadığı rolun dinamik xarakterini ortaya qoydu. Azərbaycan regionun geosiyasi xəritəsində getdikcə daha əhəmiyyətli mövqe tutur. Düşənbədəki çıxış, bu rolun yalnız iqtisadi və hərbi aspektlərdən deyil, eyni zamanda mədəni və humanitar dəyərlər üzərindən də möhkəmləndirildiyini göstərdi.

 

Rüstəmov Bəhruz
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button