AnalitikaQarabağ və Şərqi ZəngəzurSiyasət

Laçının yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün türk-islam aləminin qürur mənbəyidir

2025-ci il 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ölkənin tarixində yeni bir şanlı səhifə ilə yadda qaldı. Həmin gün Prezident İlham Əliyevin ev sahibliyi ilə Azərbaycanın işğaldan azad olunmuş Laçın rayonunda, dəniz səviyyəsindən təxminən 1,800 metr yüksəklikdə yerləşən Laçın Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi keçirildi. Bu tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak etdilər. Üç qardaş ölkənin liderlərinin eyni vaxtda Laçında bir araya gəlməsi müasir dövrümüzün diplomatik və siyasi tarixində mühüm əhəmiyyət daşıyır.

Məhz, Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Laçının dirçəlişi və yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün türk-islam aləminin qürur mənbəyidir. Cənab prezidentin sözlərinə görə, Laçında ucaldılan bu hava limanı sadəcə infrastruktur layihəsi deyil, həm də Azərbaycanın azadlıq, suverenlik və inkişaf yolundakı iradəsinin simvoludur. Dövlət başçısı qeyd etdi: “Bu gün burada, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Laçında açılış mərasimi keçirməyimiz bir tarixdir. Bu, həm də gələcəyə verilən mesajdır – birlik, qardaşlıq və bərabərlik mesajı.”

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Bundan əvvəl Füzuli və Zəngilan hava limanları fəaliyyətə başlamışdı. Laçın Hava Limanı isə öz yüksək coğrafi mövqeyi və çətin relyef şəraitində tikilməsi ilə seçilir. Bu hava limanı həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarının beynəlxalq logistika və turizm imkanlarını genişləndirəcək.

Laçındakı bu üçtərəfli görüş, Azərbaycan-Türkiyə-Pakistan dostluq münasibətlərinin növbəti zirvəsi kimi yadda qaldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın əldə etdiyi qələbələri öz qələbələri kimi qəbul etdiklərini bildirərək, bu uğurlara verdikləri dəstəyi gələcəkdə də davam etdirəcəklərini qeyd etdi.

Pakistanın Baş naziri Şahbaz Şərif isə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinə göstərdikləri dəyişməz dəstəyin siyasi deyil, qardaşlıq borcu olduğunu bildirdi. Prezident İlham Əliyev isə bu möhkəm birliyin yalnız sözlə deyil, əməl ilə təsdiqləndiyini vurğuladı: “Azərbaycan, Türkiyə və Pakistan – bu üç dövlətin birliyi, qarşılıqlı etimadı və əməkdaşlığı bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təminatıdır.”

Bu görüş yalnız diplomatik bir hadisə deyil, həm də Azərbaycan xalqı üçün mənəvi qələbə oldu. 30 ilə yaxın düşmən işğalında olan Laçın torpağında bu gün üç qardaş dövlətin liderlərinin bir araya gəlməsi, Azərbaycanın regional gücə çevrildiyinin real göstəricisidir.

Laçında dalğalanan üç bayraq – Azərbaycan, Türkiyə və Pakistan – həm şəhidlərin ruhuna ehtiram, həm də gələcək nəsillərə qürurverici mirasdır. Bu, “bir millət, üç dövlət” fəlsəfəsinin canlı təcəssümüdür.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button