
28 may 2025-ci ildə Prezident İlham Əliyevin Laçında etdiyi çıxış həm tarixə, həm də gələcəyə yazılan mühüm bir səhifəyə çevrildi. Müstəqillik Gününün işğaldan azad olunmuş bir bölgədə keçirilməsi təkcə təsadüfi bir məkan seçimi deyil, dərin rəmzi məna daşıyırdı. Bu çıxış ölkənin suverenliyinin bərpa olunmasının, ərazi bütövlüyünün təmin edilməsinin və milli qürurun təntənəsi idi.
Prezident çıxışı zamanı Laçının tarix boyu Azərbaycan xalqının ruhunda necə yaşayaraq mübarizənin simvoluna çevrildiyini vurğuladı. O, şəhərin yenidən qurulması, sosial infrastrukturun bərpası və əhalinin geri dönüşü üçün görülən tədbirlərdən bəhs edərək göstərdi ki, dövlət azad edilmiş torpaqlarda həyatın bərpasını prioritet kimi qəbul edir. Laçın yalnız keçmişin deyil, gələcəyin də şəhəri olacaq.
Çıxışda həmçinin regional sülh, əməkdaşlıq və Azərbaycanın prinsipial mövqeyi barədə mühüm mesajlar yer aldı. Prezident bildirdi ki, Azərbaycan öz milli maraqlarını qorumağa davam edəcək və heç bir xarici təzyiqə boyun əyməyəcək. Bu mesajlar ölkənin güclü liderliyi və sabit siyasətini bir daha nümayiş etdirdi.
Sonda isə Prezident İlham Əliyev Laçında keçirilən bu tarixi mərasimin əhəmiyyətini vurğulayaraq dedi ki, bu torpaqlarda yenidən xalqla birgə olmaq, gələcəyə birlikdə addımlamaq ən böyük qələbədir. Müstəqillik Günündə səslənən bu sözlər hər bir vətəndaşın yaddaşında dərin iz buraxdı.
Turan Zeynalzadə,
YAP Xəzər rayon təşkilatının fəalı