AnalitikaGündəmSiyasət

Kəlbəcər bir təbiət möcüzəsidir

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 2 aprel 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

5 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Tarixi Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcərin bərpası, yenidən qurulması strategiyasına ötən il avqustun 16-da Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik möhtəşəm tunelin təməlini atmaqla start verən Prezident İlham Əliyev bu nadir təbiətli bölgəmizdə bir daha söylədi ki, artıq Kəlbəcərin inkişafı ilə bağlı planlarımızı reallaşdırırıq.

Bu il iyunun 26-da Kəlbəcərə yenidən səfər edən Prezident İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, “İstisu” sanatoriyasının təməlini qoydu. Yeri gəlmişkən, qeyd edək ki, hazırda Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.

Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmiş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir. Həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir və bütün keçmiş məcburi köçkünlər, o cümlədən Kəlbəcər rayonunun sakinləri də tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Kəlbəcərin quruculuq və bərpası ilə bağlı gətirdiyimiz bəzi nümunələrdən də göründüyü kimi, iki il əvvəlin bu zamanlarında bir-bir azadlığına qovuşdurulan tarixi torpaqlarımız indi də quruculuq zəfərini yaşayır. Azadlığından ötən iki il ərzində dövlət başçısının birbaşa nəzarəti və rəhbərliyi altında Kəlbəcərdə müstəsna əhəmiyyətə malik olan o qədər böyük layihələr həyata keçirilib ki, əminliklə deyə bilərik ki, çox qısa zamanda kəlbəcərlilər doğma yurdlarında yeni və firavan həyata başlayacaqlar. Ən əsası, həyata keçirilən infrastruktur layihələr Kəlbəcərin Azərbaycan iqtisadiyyatına tez bir zamanda inteqrasiya olacağından da xəbər verir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button