AnalitikaDünyaGündəmSiyasət
Trend

İtaliya Azərbaycanın Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməsini arzu edir

“İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də daha geniş Avropa-Cənubi Qafqaz geosiyasi kontekstində diqqətlə təhlil olunmalı hadisədir. Bu səfər, xüsusilə dəyişən enerji xəritəsi, Avropa İttifaqının strateji muxtariyyət axtarışları və regiondakı güc balansının yenidən formalaşması fonunda mühüm əhəmiyyət kəsb edir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Rusiya–Ukrayna müharibəsindən və ABŞ-İran qarşıdurmasından sonra Avropanın enerji siyasətində baş verən transformasiya İtaliyanı alternativ mənbələrə yönəlməyə məcbur edir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi ön plana çıxır: “Ciorcia Meloninin Azərbaycana səfəri Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, enerji təchizatının şaxələndirilməsi, Orta Dəhliz layihəsi kontekstində nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi kimi strateji məqsədlərlə izah oluna bilər. Bu səfər həm də Avropa İttifaqının regiona artan marağının İtaliya tərəfindən aktiv şəkildə dəstəkləndiyini göstərir. Onu da əlavə edək ki, İtaliya hazırda Azərbaycanın Avropadakı ən böyük qaz alıcılarından biridir. Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə daşınan qaz İtaliyanın enerji balansında mühüm yer tutur. Bu mənada Ciorcia Meloninin Bakı səfərində enerji məsələlərinin mərkəzi yer tutması gözlənilən və məntiqli idi. Burada əsas istiqamətlər isə qaz ixracı həcminin artırılması, bərpa olunan enerji sahəsində əməkdaşlıq və “Yaşıl enerji”nin Avropaya ixracı perspektivləridir. Bu kontekstdə Azərbaycan da təkcə xammal ixracatçısı deyil, həm də gələcəkdə “yaşıl enerji hub” kimi də mövqelərini gücləndirir.

“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir” – deyən Ramil Vəlibəyov qeyd edib ki, bu əməkdaşlıq daha çox enerji sektoruna əsaslansa da, Ciorcia Meloninin səfəri qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsi üçün impuls yaradır: “İkitərəfli münasibətlərdə infrastruktur və tikinti, kənd təsərrüfatı texnologiyaları, sənaye modernləşməsi, hərbi-texniki əməkdaşlıq, kiçik və orta biznes əməkdaşlığı sahələri daha perspektivli görünür. Bu baxımdan İtaliya şirkətləri üçün Azərbaycan regiona açılan iqtisadi platforma rolunu oynaya bilər. İki ölkə arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb. Ötən il Azərbaycan-İtaliya ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Eləcə də keçən il Azərbaycan İtaliya bazarına 9,5 milyard kubmetr qaz ixrac edib. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Hazırda İtaliyanın da 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Ciorcia Meloninin səfəri həm də Avropa ölkələrinin regionda daha aktiv diplomatik rol oynamaq niyyətinin göstəricisidir: “Şübhəsiz ki, Ciorcia Meloninin liderliyi altında İtaliya daha realist və milli maraqlara əsaslanan xarici siyasət yürütməyə çalışır ki, bu da Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlığı daha praqmatik müstəviyə keçirir. Bu mənada, İtaliya Aİ daxilində ən böyük iqtisadiyyatlara malik ölkələrdən biri kimi Azərbaycanın Avropa ilə münasibətlərində “körpü” rolunu oynaya bilər. Bu, xüsusilə də enerji siyasətinin koordinasiyası, Aİ-Azərbaycan əməkdaşlıq gündəliyinin genişləndirilməsi və regional layihələrə siyasi dəstək sahələrində özünü göstərə bilər. Bir sözlə, Ciorcia Meloninin Azərbaycana səfəri təsadüfi diplomatik hadisə deyil, daha geniş geosiyasi transformasiyanın tərkib hissəsidir. Bu səfər göstərir ki, Azərbaycan artıq təkcə regional aktor deyil, Avropa enerji və nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilməkdədir”.

Oxşar Xəbərlər

Back to top button