
Azərbaycan Respublikasında qeyri-neft sektorunun şaxələndirilməsi, sənaye potensialının artırılması və yüksək əlavə dəyərli məhsulların istehsalına keçid ölkənin uzunmüddətli iqtisadi strategiyasının mərkəzində dayanır. Bu baxımdan, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkənin sənaye landşaftında dönüş nöqtəsi olaraq mühüm əhəmiyyət kəsb edir.
Müşavirə zamanı səsləndirilən fikirlər, qarşıya qoyulan vəzifələr və qəbul edilən strateji istiqamətlər Azərbaycanın iqtisadi modelində xammal ixracatçılığından qlobal dəyər zəncirində fəal iştirak edən hazır məhsul istehsalçısına keçid prosesini əyani şəkildə nümayiş etdirir.
Dövlət başçısının müşavirədəki çıxışı ölkə iqtisadiyyatının mövcud reallıqlarını, qlobal bazar çağırışlarını və qarşıdakı illərdə görüləcək tədbirləri dəqiq şəkildə qiymətləndirmişdir.
- Sənayeləşmə siyasəti və iqtisadiyyatın şaxələndirilməsi:
Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycanın iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Qeyri-neft sektorunun inkişafı, xüsusilə sənayeləşmə siyasəti bizim əsas prioritetlərimizdən biridir və dağ-mədən sektoru bu istiqamətdə mühüm rol oynayır.” Bu yanaşma neft-qaz amilinin üstünlük təşkil etdiyi ənənəvi iqtisadi strukturlardan fərqli olaraq, emal sənayesinin, xüsusən də dağ-mədən və metallurgiya sahələrinin ümumi daxili məhsulun (ÜDM) formalaşmasındakı payının artırılmasına xidmət edir.
- Xammaldan hazır məhsula: Dəyər zəncirlərinin yaradılması
Dövlət başçısının vurğuladığı digər mühüm strateji hədəf xammal ixracından imtina edərək daxildə emal prosesini gücləndirməkdir: “Biz xammal ixrac edən ölkədən hazır məhsul istehsal edən və ixrac edən ölkəyə çevrilməliyik. Metallurgiya sənayesinin potensialı tam şəkildə reallaşdırılmalı, yeni dəyər zəncirləri yaradılmalıdır.”
Metal filizlərinin ölkə daxilində tam emal edilməsi, yerli istehsal müəssisələrinin xammal təminatının gücləndirilməsi və rəqabət qabiliyyətli ixrac məhsullarının yaradılması bu siyasətin əsas sütunlarını təşkil edir.
Müşavirədə müzakirə olunan və 2027-2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramı bir neçə fundamental istiqaməti əhatə edir:
Geoloji kəşfiyyat və resurs bazasının genişləndirilməsi: Ölkə ərazisindəki metal filizi yataqlarının müasir texnologiyalar və rəqəmsal üsullarla yenidən qiymətləndirilməsi, ehtiyatların dəqiq hesablanması.
İşğaldan azad edilmiş ərazilərin potensialı: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən zəngin filiz yataqlarının (məsələn, Zod, Qızılbulaq və s.) iqtisadi dövriyyəyə cəlb olunması və regionda yeni sənaye klasterlərinin yaradılması.
Ekoloji standartlar və yaşıl texnologiyalar: Dağ-mədən və metallurgiya sahələrində karbon emissiyalarının azaldılması, “yaşıl enerji” prinsipinə uyğun tullantısız və ekoloji təmiz texnologiyaların tətbiqi.
İnsan kapitalı və mütəxəssis Hazırlığı: Sənayenin bu sahəsi üzrə mühəndis və texniki kadrlara olan tələbatın ödənilməsi məqsədilə təhsil müəssisələri ilə sıx əməkdaşlıq, peşə təhsilinin gücləndirilməsi və yeni iş yerlərinin açılması.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə və qəbul olunacaq 2027-2030-cu illər Dövlət Proqramı Azərbaycanın sənaye sektorunda yeni bir eranın başlanğıcını qoyur. Xammal ixracatçılığından yüksək əlavə dəyər yaradan iqtisadiyyata keçid ölkənin qlobal bazarlardakı mövqeyini daha da gücləndirəcək, qeyri-neft ixracının həcmini artıracaq və uzunmüddətli iqtisadi dayanıqlığı təmin edəcəkdir.
İsmayıl Cəfərov,
Nizami rayon fəalı, Bakı Ali Neft Məktəbinin I kurs tələbəsi



