
Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasında əlaqələrin yalnız siyasi çərçivədə deyil, eyni zamanda iqtisadi, humanitar və təhlükəsizlik sahələrində də inkişaf etdiyini göstərir. Səfər çərçivəsində aparılan geniş müzakirələr və imzalanan sənədlər münasibətlərin daha praktik və nəticəyönümlü mərhələyə keçdiyini təsdiqləyir. Görüşün əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsi olub. Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası bu sahədə konkret planların mövcudluğunu ortaya qoyub və gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Burada müzakirə olunan layihələr qarşılıqlı sərmayə axınının artırılmasına, birgə istehsal sahələrinin yaradılmasına və ticarət dövriyyəsinin genişləndirilməsinə xidmət edir.
Bakıda keçirilən biznes-forum isə iqtisadi əməkdaşlığın praktiki mərhələyə keçidini sürətləndirən əsas platforma kimi çıxış edib. Hər iki tərəfdən geniş işgüzar nümayəndə heyətlərinin iştirakı biznes əlaqələrinin inkişafına real marağın olduğunu göstərir. Bu platforma çərçivəsində formalaşan əməkdaşlıq mexanizmləri gələcəkdə konkret müqavilələrin imzalanmasına zəmin yarada bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür.
İkitərəfli iqtisadi əlaqələrin daha səmərəli təşkili məqsədilə koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə planlar və investisiya imkanları barədə mütəmadi məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Bu yanaşma hər iki ölkənin biznes dairələri üçün daha şəffaf və proqnozlaşdırıla bilən mühit yaradır. Şirkətlərin informasiya əldə etməsi onların fəaliyyətini daha səmərəli planlaşdırmasına və yeni layihələrə daha asan daxil olmasına şərait yaradır. Nəticədə iqtisadi əməkdaşlıq daha sistemli və davamlı xarakter alır.
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



