
2025-ci il iyulun 19-dan 21-dək III Şuşa Qlobal Media Forumu keçirilib. Forum “Rəqəmsal yollar: süni intellekt dövründə informasiya və media müqavimətinin gücləndirilməsi” mövzusuna həsr olunmuşdu.
Qeyd edək ki, ötən il forumda 50 ölkədən 150-dən çox qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu iştirak etmişdisə, bu il forumda təqribən 52 ölkədən 140 jurnalist və media təmsilçisi qatılıb. Onlar 30-dan çox xəbər agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media orqanından ibarət olublar. Bu da onu sübut edir ki, Şuşa Qlobal Media Forumuna beynəlxalq maraq hər il artmaqdadır.
Xankəndi şəhərində keçirilən Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək media və informasiya təhlükəsizliyi sahəsində dövlətin strategiyasını iştirakçılarla bölüşüb. Forumda müxtəlif panel müzakirələri təşkil olunub. Bu müzakirələrdə süni intellektin media üzərindəki təsiri, informasiya manipulyasiyalarına qarşı mübarizə və media savadlılığının artırılması kimi mövzular ön planda olub.
Onu da əlavə edək ki, Forumun keçirildiyi Xankəndi şəhəri öz simvolik əhəmiyyəti ilə diqqət çəkib. Bu, Azərbaycanın post-münaqişə dövründə beynəlxalq əməkdaşlığa və regional sabitliyə verdiyi əhəmiyyətin göstəricisidir. İştirakçılar həmçinin Şuşa, Ağdam və Laçın bölgələrinə səfər edərək bərpa işləri ilə də tanış olublar.
Forumun əsas mesajlarından biri informasiya dövründə etibarlı mənbələrin qorunması və ictimai etimadın bərpası üçün media savadlılığının artırılmasının vacibliyi olub. Prezidentin köməkçisi Hikmət Hacıyev forum çərçivəsində bu mövzuya xüsusi diqqət çəkib.
Bir sözlə, III Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal media gündəmində önəmli mövqeyini bir daha nümayiş etdirib və gələcəkdə bu təşəbbüsün davamlı şəkildə həyata keçiriləcəyi gözlənilir.
Vaqif Vəlibəyli,
YAP Nizami rayon təşkilatının könüllüsü