AnalitikaGündəmSiyasət

III MDB Oyunlarının Ölkəmiz üçün sosial və iqtisadi əhəmiyyəti

Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) 24 sentyabr 1993-cü il tarixində üzv olmuşdur.  Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.Azərbaycan hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.

Oktyabrın 10- u 2025 ci il Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki “Millət” sarayına gəlib.Prezident İlham Əliyev iclasda çıxış edib. Çıxışında İlham Əliyev tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti hörmətli Emoməli Şərifoviç Rəhmona təşəkkür edib.Həmçinin prezidentimiz iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunub. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib.  Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Azərbaycanın Ermənistan istisna olmaqla bütün MDB ölkələri ilə azad ticarət əlaqələri mövcuddur. Bununla yanaşı, ölkəmizlə digər MDB dövlətləri arasında sərbəst sərmayə üçün möhkəm hüquqi baza yaranıb. Azərbaycan MDB-nin 2020-ci ilə qədərki dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etmiş, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabatını MDB-nin İcraiyyə Komitəsinə təqdim etmişdir. Ölkəmizlə bağlı müvafiq məlumatlar mütəmadi olaraq “MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal”a daxil edilməkdədir. Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu gün MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. MDB-yə daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini müəyyənləşdiriblər ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə verib. O cümlədən, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindəndir.

Xəzər rayonu, 181 nömrəli məktəbin tarix müəllimi, tarixçi türkoloq
Arzu Yaqubova

Oxşar Xəbərlər

Back to top button