
Azərbaycanın müstəqillik tarixində siyasi və iqtisadi suverenliyin möhkəmləndirilməsi prosesi Heydər Əliyevin adı ilə sıx bağlı olan mühüm tarixi mərhələlərdən biridir. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, lakin dövlət qarşısında son dərəcə ağır və mürəkkəb problemlər yaranmışdı. Ölkədə siyasi qarşıdurmalar, iqtisadi tənəzzül, idarəçilik böhranı və təhlükəsizliklə bağlı ciddi çətinliklər hökm sürürdü. Belə bir şəraitdə dövlət müstəqilliyinin yalnız hüquqi baxımdan elan edilməsi kifayət etmirdi; onun siyasi, iqtisadi və institusional əsaslarının möhkəmləndirilməsi həyati əhəmiyyət daşıyırdı. Məhz bu mürəkkəb dövrdə Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. 1993-cü il iyunun 15-də onun Ali Sovetin sədri seçilməsi, daha sonra prezident seçilməsi ölkənin siyasi həyatında mühüm dönüş yaratdı. Heydər Əliyev ilk növbədə dövlət idarəçiliyində sabitliyin yaradılmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və ölkənin parçalanma təhlükəsinin aradan qaldırılmasına yönəlmiş siyasət həyata keçirdi. Onun zəngin dövlətçilik təcrübəsi və siyasi iradəsi Azərbaycanın müstəqilliyinin qorunması üçün mühüm amillərdən birinə çevrildi.
Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında siyasi suverenliklə iqtisadi müstəqillik bir-birindən ayrılmaz anlayışlar idi. O, yaxşı anlayırdı ki, möhkəm iqtisadi təmələ malik olmayan dövlətin müstəqil siyasi qərarlar qəbul etmək imkanları da məhdudlaşa bilər. Buna görə də Azərbaycanda bazar iqtisadiyyatının formalaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyaların ölkəyə cəlb edilməsi və milli sərvətlərdən dövlətin və xalqın mənafeyi naminə istifadə olunması istiqamətində mühüm addımlar atıldı. Bu siyasətin ən böyük və tarixi nəticələrindən biri 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası Azərbaycanın zəngin enerji ehtiyatlarını beynəlxalq iqtisadi əməkdaşlığın mühüm hissəsinə çevirdi. Müqavilənin imzalanması Azərbaycanın dünya enerji bazarına çıxış imkanlarını genişləndirdi, xarici investisiyaların ölkəyə gəlməsinə şərait yaratdı və gələcək iqtisadi inkişaf üçün yeni perspektivlər açdı. Rəsmi mənbələrdə də Heydər Əliyevin neft strategiyasının Azərbaycanın iqtisadi inkişafının və sonrakı siyasi-iqtisadi müstəqilliyinin əsaslarından biri olduğu vurğulanır.
Dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttində iqtisadi suverenliyin təmin olunması yalnız neft gəlirlərinin artırılması ilə məhdudlaşmırdı. Onun rəhbərliyi dövründə Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya etməyə, xarici tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlər qurmağa və öz milli maraqlarını beynəlxalq müstəvidə qorumağa başladı. Enerji resurslarının müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılması ideyası Azərbaycanın iqtisadi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bakı-Novorossiysk və Bakı-Supsa marşrutlarının istifadəyə verilməsi, sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan layihəsinin təməl prinsiplərinin formalaşdırılması Azərbaycanın enerji siyasətinin uzunmüddətli xarakter daşıdığını göstərirdi. Beləliklə, Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə iqtisadi imkanlar dövlətin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edən mühüm vasitəyə çevrildi. Azərbaycanın siyasi-iqtisadi suverenliyinin möhkəmlənməsi də məhz bu ardıcıl dövlətçilik xəttinin nəticəsi kimi tarixə düşdü.
Aygün Mirzəyeva,
YAP Xəzər rayon təşkilatının gənc fəalı



