
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklər dövlətin mövcudluğunu ciddi təhlükə altında qoymuşdu. Xüsusilə 1993-cü ildə yaranmış siyasi böhran, iqtisadi tənəzzül və daxili qarşıdurmalar ölkənin parçalanmaq təhlükəsini daha da artırmışdı.
Həmin dövrdə müxtəlif bölgələrdə separatçılıq meylləri güclənmiş, qanunsuz silahlı dəstələr dövlət hakimiyyətinə meydan oxumağa başlamışdı. Mərkəzi hakimiyyətin zəifləməsi ölkədə anarxiyanın geniş yayılmasına səbəb olmuşdu.
Belə bir mürəkkəb vəziyyətdə xalq öz ümidini Heydər Əliyevə bağladı. Onun siyasi təcrübəsi, qətiyyəti və dövlətçilik prinsiplərinə sadiqliyi Azərbaycanın xilası üçün ən etibarlı təminat hesab olunurdu.
1993-cü ilin iyun ayında Heydər Əliyevin Bakıya qayıdışı ölkədə böyük ümid yaratdı. Ulu Öndər qısa müddətdə gərginliyi azaltmağa, qarşıdurmaların qarşısını almağa və ölkədə sabitliyi təmin etməyə nail oldu.
Onun rəhbərliyi ilə dövlət idarəçiliyi yenidən quruldu, qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə gücləndirildi və milli həmrəylik siyasəti həyata keçirildi. Bu addımlar ölkənin parçalanmaq təhlükəsini aradan qaldırdı.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə də etibarlı tərəfdaş kimi tanınmağa başladı. Xarici əlaqələrin genişləndirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi ölkənin mövqeyini möhkəmləndirdi.
Bu gün Azərbaycan güclü və müstəqil dövlət kimi inkişaf edirsə, bunda Ulu Öndərin xilaskarlıq missiyasının mühüm rolu vardır. Onun hakimiyyətə qayıdışı xalqımızın tarixində əbədi yaşayacaq mühüm hadisələrdən biridir.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



