
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev irsi: hüquqi dövlətin və milli dəyərlərin təbliği” adlı layihə üzrə UNEC nəzdində Qida Sənayesi Kollecində ilk tədbir təşkil olunub.
Gundemws.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, hüquqi dövlət quruculuğundakı müstəsna xidmətlərinin, eləcə də milli-mənəvi dəyərlərin təbliği və bu istiqamətdə maarifləndirmənin gücləndirilməsi olub.
Tədbirdə YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli, Qida Sənayesi Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Ağayeva, kollecin azərbaycan dili və ədəbiyyat müəllimləri Lalə İsmayılova və Samirə Mehdiyeva, layihə rəhbəri Mürsəl Bəkirli və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, Konstitusiya prinsiplərinin formalaşmasında və milli dəyərlərin qorunub saxlanılmasında oynadığı mühüm rol xüsusi vurğulanıb. Bildirilib ki, bu irsin gənc nəslə aşılanması müasir dövrdə xüsusi aktuallıq daşıyır.
Tədbir interaktiv müzakirələr şəraitində davam edib, iştirakçı gənclərin mövzu ilə bağlı fikirləri və sualları dinlənilib.
Sonda layihə çərçivəsində təşkil olunan inşa müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb. Müsabiqənin nəticələrinə əsasən birinci yerin qalibi Aysu Qocayeva, ikinci yerin qalibi Ayan Hüseynzadə, üçüncü yerin qalibi isə Şəfiqəxanım Əliyeva olub. Qaliblərə diplom və hədiyyələr təqdim olunub, iştirakçılara isə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. #AzGF #GenclerFondu













