Analitika

Heydər Əliyev Azərbaycan xalqını öz ətrafında birləşdirə bilən böyük Lider oldu

Azərbaycan xalqının çoxəsrlik tarixində hər birinin öz yeri olan dahi şəxsiyyətlərimiz dövlətçilik ənənələrimizin yaşamasında və inkişafında böyük xidmətlər göstərmişlər. Ancaq bu sırada ümummilli liderlik zirvəsinə ucalan yalnız Heydər Əliyev olmuşdur. Qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınaqlarından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən canlı təcəssümüdür. Qələbə çaldığımız bu tarixi zəfər günlərində müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf və yenilməz ordu quruculuğundakı xidmətlərini bir daha böyük ehtiramla xatırlayırıq. 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu.

Ulu öndərimiz Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının yaxşı yaşamasına həsr etmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmışdır. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. Heydər Əliyev istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqilliyimiz illərində daim öz doğma xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı, qarşısının alınmasının qeyri-mümkün olduğu bir dönəmdə öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edir və ən ağır günlərində  ona pənah aparmışdı. Dahi öndərimiz də ən böhranlı məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır. Heydər Əliyev sanki bu dünyaya elə öz xalqı üçün, onun xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. O, ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynayıb ki, xalq da onu əsrlər boyu unutmayacaq. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanmışdı.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button